...

Azərbaycan Olimpiya Oyunlarına yeni idman növünün salınmasını təklif edir (ƏLAVƏ OLUNUB)

İdman Materials 22 Oktyabr 2012 17:37 (UTC +04:00)
Azərbaycan səmti müəyyənetmə idman növünün Olimpiya Oyunlarında idman növləri sırasına daxil edilməsini təklif edir.
Azərbaycan Olimpiya Oyunlarına yeni idman növünün salınmasını təklif edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan səmti müəyyənetmə idman növünün Olimpiya Oyunlarında idman növləri sırasına daxil edilməsini təklif edir.

Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov bazar ertəsi Bakıda keçirilən "Azərbaycanda səmti müəyyənetmə idman növünün hazırkı vəziyyəti və gələcək perspektivləri" mövzusunda konfransda bildirib ki, Azərbaycan Beynəlxalq Səmti Müəyyənetmə İdman Federasiyasının 74-cü üzvü qəbul olunub.

Onun sözlərinə görə, olimpiadaya daxil edilən idman növlərinin 75 ölkə tərəfindən dəstəklənməsi şərtdir.

"Daha bir ölkə Beynəlxalq Səmti Müəyyənetmə İdman Federasiyasına daxil olarsa, bu idman növünün Olimpiya Oyunlarına daxil edilməsi üçün ərizə ilə müraciət oluna bilər",- Rəhimov əlavə edib.

O qeyd edib ki, bu idman növü kifayət qədər yayıldığından Olimpiya Oyunlarına salına bilər.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda 2012-ci il "İdman ili"dir.

"Buna həsr olunan səmti müəyyənetmə idman yarışları kifayət qədər marağa səbəb olub, 200-ə yaxın şəxs bu yarışlarda iştirak edib. Səmti müəyyənetmə idman növü insanın fiziki sağlamlığının qorunmasına xidmət edir. Bu idman növü ilə həm cavan, həm də yaşlı nəslin nümayəndələri məşğul olur. Burada yalnız fiziki deyil, zehni bacarıq da tələb olunur", - Rəhimov qeyd edib.

Beynəlxalq Səmti Müəyyənetmə İdman Federasiyasının Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Tatyana Kalendaroğlu çıxışı zamanı bildirib ki, Azərbaycanın bu federasiyaya daxil olması səmti müəyyənetmə idman növünün bu ölkədə inkişafı üçün geniş imkanlar yaradır. O qeyd edib ki, Azərbaycanda dövlətin idmana diqqəti böyükdür. Federasiya dövlətin bu istiqamətdə gördüyü işləri daim dəstəkləməyə hazırdır.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Nişenko konfransda çıxışı zamanı bildirib ki, səmti müəyyənetmə idman növü sağlamlığın qorunmasına xidmət edir. Bu idmanla məşğul olmaq üçün məhdudiyyət yoxdur.

O bildirib ki, Azərbaycanda mövcud olan doqquz iqlim zolağı burada istənilən idman növü ilə məşğul olmağa imkan yaradır. Səmti müəyyənetmə idman növü də belə idmanlardan biridir.

Səfir qeyd edib ki, bu idman növünün keçirilməsi üçün Azərbaycanda 3 xəritə hazırlanıb. O, Azərbaycanda səmti müəyyənetmə idman növü üzrə yarışların keçirilməsinə müxtəlif dövlət qurumlarının dəstək verdiklərini də söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti