...

Şahmatın "Bakı 2015" Avropa Oyunlarının proqramına daxil edilməsi məsələsinə aydınlıq gətirildi

İdman Materials 16 Yanvar 2014 15:37 (UTC +04:00)
Yanvarın 15-də bir sıra kütləvi informasiya vasitələrində şahmat idman növünün "Bakı 2015" Avropa Oyunlarının proqramına daxil edilməsi haqqında məlumat yayılıb.
Şahmatın "Bakı 2015" Avropa Oyunlarının proqramına daxil edilməsi məsələsinə aydınlıq gətirildi

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.Mehdiyev/

Yanvarın 15-də bir sıra kütləvi informasiya vasitələrində şahmat idman növünün "Bakı 2015" Avropa Oyunlarının proqramına daxil edilməsi haqqında məlumat yayılıb. Bakı Avropa Oyunları Təşkilat Komitəsi məlumatı təkzib edir və xəbərin yanlış olduğunu bildirir.

İlk Avropa Oyunları 2015-ci ilin yayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Avropa Oyunlarında 18 idman növü - su idmanı, oxçuluq, yüngül atletika, badminton, basketbol 3x3, çimərlik futbolu, boks, kanoe sprinti, velosiped idmanı, qılıncoynatma, gimnastika, cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş üzrə yarışlar keçiriləcək və bunlardan bir çoxunun keçiriləcəyi məkanların tikintisi artıq başa çatıb.

Gənclər və İdman Nazirliyindən Trend-ə məlumatı təsdiq ediblər və bildiriblər ki, şahmat idman növünün "Bakı 2015" Avropa Oyunlarının proqramına daxil edilməsi ilə bağlı fikir var idi, lakin son nəticədə proqrama salınmayıb.

Qeyd edək ki, "Bakı 2015" ilk Avropa Oyunları olacaq və Avropanın 49 Olimpiya ölkəsindən 18 idman növü üzrə 5400 atlet bu Oyunlara qatılacaq. Oyunlara rəhbərliyi onu təşkil edən və tənzimləyən Avropa Olimpiya Komitəsi (AOK) edəcək. Bu Oyunların əsası 9 dekabr 2012-ci il tarixində İtaliyanın paytaxtı Roma şəhərində Avropa Olimpiya Komitəsinin Ümumi Yığıncağında Avropanın Milli Olimpiya komitələrinin (MOK-lar) əksəriyyətinin Avropa Oyunlarının yaradılması lehinə səs verməsi nəticəsində qoyulub. Məhz həmin Ümumi Yığıncaqda MOK-lar inauqurasiya Oyunlarının yenə də əksər səs çoxluğu ilə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsinə qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti