...

Azərbaycanda ümummilli lider Heydər Əliyevin şərəfinə qolf turniri keçiriləcək

İdman Materials 29 Aprel 2014 15:54 (UTC +04:00)
Bu il Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Qolf Federasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin adını daşıyacaq qolf üzrə Azərbaycan turniri keçiriləcək.
Azərbaycanda ümummilli lider Heydər Əliyevin şərəfinə qolf turniri keçiriləcək

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

Bu il Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Qolf Federasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin adını daşıyacaq qolf üzrə Azərbaycan turniri keçiriləcək. Trend xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, turnir Quba rayonunda təşkil ediləcək: "Heydər Əliyev adına Açıq Azərbaycan Turnirinin 6-8 iyun 2014-cü il tarixlərində 18 dəlikli Quba Milli Qolf Klubunda keçirilməsi nəzərdə tutulur. Tədbirə dünyanın müxtəlif ölkələrindən 72 həvəskar qolfçu qatılacaq. Ölkə miqyasında belə yarışların keçirilməsi qolfun idmanın bir növü kimi daha da populyarlaşmasında əhəmiyyətli rol oynayacaq".

A.Məmmədov qeyd edib ki, qolf Azərbaycanda yeni idman növü olduğundan yarışda ölkəmizi əsasən əcnəbilər təmsil edəcəklər.

O deyib ki, 2012-ci ildə yaradılmış Azzərbaycan Qolf Federasiyası Azərbaycanın qolf sahəsində dünyada tanınması və onun ölkədə inkişafı ilə məşğuldur.

Federasiyanın prezidenti gələcəkdə Azərbaycanda həm qadınlardan, həm də kişilərdən ibarət qolf komandası yaratmaq niyyətində olduqlarını açıqlayıb: "Azərbaycan Qolf Federasiyasının məqsədi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında azərbaycanlı qolfçulardan ibarət komandanın iştirakını təmin etməkdir. Qolf 2012-ci ildən Olimpiya Oyunları siyahısındadır və buna görə də Azərbaycan Qolf Federasiyası yeniyetmələrdən ibarət milli yığmanın və Olimpiya yığmasının yaradılması istiqamətində ciddi şəkildə iş aparır. İnanırıq ki, bu sahədə aparılan işlər səmərəli olacaq və qısa bir müddətdə Azərbaycanda qolf idmanı üzrə tanınmış simalar yetişəcəklər. Bu işə Azərbaycana xaricdən gələn mütəxəssislər də töhfə verirlər. Onlar Azərbaycanda yerli qolfçuların yetişdirilməsinə yardımçı olurlar".

A.Məmmədov bildirib ki, 2012-ci ildə təsis edilən Azərbaycan Qolf Federasiyası 2013-cü ilin sentyabr ayında inzibati binasının rəsmi açılışından sonra fəaliyyətə başlayıb. Federasiya qısa vaxt ərzində böyük uğurlara imza atıb. Qubada ilk Milli Qolf Klubu yaradılıb və federasiyanın nəzdində Bakı Qolf Akademiyası təsis edilib: "Bundan əlavə, ölkəmizdə qolf idmanının yeni yarandığını nəzərə alan Azərbaycan Qolf Federasiyası gənclərin təlimi sahəsində mühüm addımlar atıb. Belə ki, Bakının müxtəlif məktəblərində keçirilən təlimlərdə 1000-dən çox şagirdə qolf idmanının əsasları öyrədilir. Qolf Akademiyasının yaradılması isə görülən mühüm tədbirlər sırasındadır. Bu gün çoxlu sayda gənclərin Qolf Akademiyasına gələrək burada qolfun əsaslarını öyrənməsi sevindirici haldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti