...

Azərbaycanda qolf üzrə "Challenge Tour" keçiriləcək (FOTO)

İdman Materials 29 Aprel 2014 17:05 (UTC +04:00)
Bu yay Azərbaycanda qolf üzrə "Challenge Tour" keçiriləcək. Trend xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Anar Məmmədov bildirib.
Azərbaycanda qolf üzrə "Challenge Tour" keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

Bu yay Azərbaycanda qolf üzrə "Challenge Tour" keçiriləcək. Trend xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Anar Məmmədov bildirib.

AQF prezidentinin sözlərinə görə, bu beynəlxalq tədbir 2014-cü ilin 30 iyul - 3 avqust tarixlərində Quba şəhərindəki 18 dəlikli, dünya standartlarına cavab verən Milli Qolf Klubunda baş tutacaq. Tədbirə dünyanın müxtəlif ölkələrindən gəlmiş 72 qolfçu qatılacaq və turnir Avropanın bir sıra televiziya kanalları ilə yayımlanacaq.

O, qeyd edib ki, Azərbaycan Qolf Federasiyasının dəvəti ilə bu il fevralın 15-də Beynəlxalq "European Tour"un rəhbəri Nik Tarrat ilk dəfə Azərbaycana səfəri çərçivəsində Bakı Qolf Akademiyası, Qubadakı Milli Qolf Klubu ilə yaxından tanış olub. Həmin səfərin nəticəsi kimi, Avropanın ən mötəbər qolf yarışlarının rəsmi təşkilatçısı olan "European Tour" ilə bu ilin yay mövsümündə Azərbaycanda "Challenge Tour"un keçiriləcəyi barədə razılıq əldə olunub: "Bu silsilədən olan oyunların keçiriləcəyi ölkələrdən biri olmaq, bu yarışlardan birinə ev sahibliyi etmək Azərbaycanda qolfun inkişafının bariz nümunəsidir".

A.Məmmədov bildirib ki, turnirin mükafat fondu 300 min avro təşkil edəcək.

Qeyd edək ki, "European Tour" Avropada professional zəmində qolf yarışlarının keçirilməsinə 1986-cı ildən başlayıb və bu yarışlar müasir dövrümüzün ən mötəbər qolf yarışlarından hesab olunur. "Challenge Tour" dünya çərçivəsində çox mötəbər bir qolf yarışı statusunu qazanıb. Yarışlarda qalib gələn, yüksək pillələri qazanmış 15 oyunçu "European Tour"un növbəti mərhələsində iştirak hüququ qazanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti