Digər oyunlar barədə məlumat əlavə olunub (ilk məlumat saat 18:57-də yayılıb)
Azərbaycan, Bakı, 7 may /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına start verilib.
Trend-in məlumatına görə, Qəbələnin eyniadlı komandası doğma meydanda "Bakı"nı qəbul edib. Birinci hissənin tamamında meydan sahibləri Marat İzmaylov və Müşfiq Teymurovun qolları ilə öndə olublar.
57-ci dəqiqədə Daniel Subotiç hesabı 3:0-a çatdırıb. 8 dəqiqə sonra Namiq Ələsgərov "Bakı"nın təsəlli qolunu vurub - 3:1.
Beləliklə, "Qəbələ" 34 oyundan 57 xal toplayaraq UEFA Avropa Liqasının seçmə mərhələsinə vəsiqəni təmin edib.
"Rəvan" - "Simurq" matçında 1 qol qeydə alınıb. Bakılıların qolunu 28-ci dəqiqədə penaltidən Xuan Manuel Varea vurub - 1:0.
"Sumqayıt" "Xəzər Lənkəran"ın qonağı olub. Oyun 4:1 hesabı ilə Lənkəran təmsilçisinin xeyrinə başa çatıb.
AZAL - "Neftçi" qarşılaşmasında isə qapılar toxunulmaz qalıb - 0:0.
Turun sonuncu oyunu isə çempionluğa iddialı iki komanda - "Qarabağ" və "İnter" arasında baş tutub. Artıq 13-cü dəqiqədə Reynaldo Ağdam təmsilçisini önə keçirib. 70-ci dəqiqədə isə Reynaldo dubla imza atıb. Baçana Sxadadze qollardan birinin əvəzini çıxsa da, 85-ci dəqiqədə Reynaldo het-trik edib. Matçda son nöqtəni isə Muarem Muarem qoyub - 4:1.
Bununla da "Qarabağ" 34 oyundan 72 xal toplayaraq sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.