...

FEI-nin baş katibi: Bakı Beynəlxalq Atçılıq Federasiyasının tarixinə yeni prezidentin seçildiyi şəhər kimi düşəcək (MÜSAHİBƏ)

İdman Materials 13 Dekabr 2014 13:38 (UTC +04:00)
Beynəlxalq Atçılıq Federasiyasının baş katibi İnqmar De Vos Trend-ə müsahibə verib.
FEI-nin baş katibi: Bakı Beynəlxalq Atçılıq Federasiyasının tarixinə yeni prezidentin seçildiyi şəhər kimi düşəcək (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda dekabrın 11-dən 14-dək Beynəlxalq Atçılıq Federasiyasının (FEI) illik Baş Assambleyası keçirilir.

Beynəlxalq Atçılıq Federasiyasının baş katibi İnqmar De Vos Trend-ə müsahibə verib.

- Cənab İnqmar, Bakıya xoş gəlmişsiniz. İstərdik ki, təmsil etdiyiniz Federasiyanın builki Baş Assambleyasının Bakıda keçirilməsinin əhəmiyyəti barədə danışasınız.

- Əvvəla onu deyim ki, Beynəlxalq Atçılıq Federasiyasının Baş Assableyasının Bakıda keçirilməsindən çox məmmunuq. Təbii ki, biz buraya yalnız Baş Assambleyanı keçirmək üçün gəlməmişik. Baş Assambleya sadəcə proqramın bir hissəsidir. Bakıda olduğumuz dörd gün müdətində bizim bir sıra iclaslarımız, o cümlədən idarə heyətinin görüşü, regional qruplarla görüşlər, federasiya qaydaları üzrə iclaslar keçiriləcək. Bundan əlavə, biz Baş Assambleyanın keçirilməsinə hazırlıq məqsədilə milli federasiyalar və üzvlərimizlə geniş müzakirələr aparacağıq.

- Bu il həm də Beynəlxalq Atçılıq Federasiyasının yeni prezidenti seçiləcək. Bu, Baş Assambleyanın əhəmiyyətini xeyli artıracaq.

- Bəli, elədir. Bu il keçirilən Baş Assambleya xüsusi əhəmiyyət kəsb edir, çünki biz Bakıda Federasiyanın yeni prezidentini seçəcəyik. Bildiyiniz kimi, Federasiyanın hazırkı prezidenti İordaniya Şahzadəsi, Ülyahəzrət Haya Bint Al Hüseynin prezidentlik müddəti başa çatır və əfsuslar olsun ki, o, növbəti müddət üçün namizədliyini irəli sürməmək qərarına gəlib.

Prezidentlik üçün artıq 5 namizəd qeydə alınıb və bunlardan biri Federasiyanın yeni prezidenti seçiləcək. Təbii ki, Bakı da Federasiyanın tarixinə yeni prezidentin seçildiyi bir şəhər kimi düşəcək.

- Cənab İnqmar, bu sizin Bakıya ilk səfərinizdir? Belədirsə, təəssüratlarınızı öyrənmək istərdik.

- Bəli, bu mənim Bakıya, Azərbaycana ilk səfərimdir. Sizin ölkəniz, insanların qonaqpərvərliyi və Azərbaycan Atçılıq Federasiyasının bizi yüksək səviyyədə və çox mehribanlıqla qarşılaması məndə böyük təəssüratlar yaratdı. Burada yaradılan şəraitə, təmin olunan infrastruktura görə deməliyəm ki, budəfəki Baş Assambleya federasiyanın indiyə qədər keçirdiyi ən mühüm və ən gözəl baş assambleyalardan biri olacaq.

- Atçılıq idman növünün həm Azərbaycanda, həm də dünyada inkişafı barədə nə deyə bilərsiniz?

- Azərbaycan atçılıq idman növündə mühüm irəliləyişlər əldə edib, eyni zamanda, Azərbaycan idmançıları beynəlxalq yarışlarda iştiraklarını daha da artırırlar. Şəxsən tanıdığım Azərbaycan idmançısı Camal Rəhimov Avropada bir çox mötəbər yarışlara qatılır. Gördüklərimdən deyə bilərəm ki, bu idman növünün inkişafı üçün Bakıda böyük potensial var. Düşünürəm ki, həqiqətən də atçılıq idman növünün Azərbaycanda parlaq gələcəyi var.

Təbii ki, dünyada da bu idman növü inkişaf etməkdədir. İdmançıların sayının artması ilə yanaşı, keçirilən yarışların da sayı artmaqdadır. Mən müxtəlif ölkələrdə oluram. Həqiqətən bu idman növünə maraq getdikcə daha da artır. Eyni zamanda, tamaşaçılar daha böyük maraq göstərir. Misal üçün deyə bilərəm ki, əgər 2010-cu ildə ABŞ-da keçirilən atçılıq üzrə yarışları iki milyondan çox tamaşaçı izləmişdisə, bu il Fransada keçirilən yarışları 5 milyondan çox tamaşaçı izləyib. Biz bütün bunlardan çox məmmunuq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti