...

AGF növbəti dəfə aerobika gimnastikası üzrə məşqçilik kursları təşkil etdi (FOTO)

İdman Materials 8 Noyabr 2019 11:03 (UTC +04:00)
Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Akademiyasının 2-ci dərəcəyə aid məşqçilik kursları start götürüb.
AGF növbəti dəfə aerobika gimnastikası üzrə məşqçilik kursları təşkil etdi (FOTO)

Bakı. Trend:

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Akademiyasının 2-ci dərəcəyə aid məşqçilik kursları start götürüb.

Trend-in məlumatına görə, Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən ölkəmizdə bu növ üzrə ikinci dəfədir ki, təşkil edilən məşqçilik kurslarının 5 noyabr tarixində baş tutan açılış mərasimində ekspertlər, iştirakçılar və federasiya nümayəndələri iştirak edib.

Kursların rəhbəri FIG Akademiyasının eksperti, beynəlxalq dərəcəli hakim və Avropa Gimnastika İttifaqının aerobika gimnastikası üzrə texniki komitəsinin üzvü Olqa Kiseloviçova kursun açılışı zamanı iştirakçılara ümumi məlumat verib.

AGF-nin Baş katibi Nurlana Məmmədzadə isə ekspert və iştirakçıları salamlayaraq, bu kursların əhəmiyyətindən danışıb.

Aerobika gimnastikasının Azərbaycanda 2013-cü ildən etibarən inkişaf etdirildiyini qeyd edən N. Məmmədzadə bildirib ki, ölkəmiz artıq bu növ üzrə beynəlxalq tədbirlərə ev sahibliyi edir. “Baxmayaraq ki, biz aerobika gimnastikasını son dövrlərdə inkişaf etdirməyə başlamışıq, ölkəmiz artıq 2019-cu ildə bu növ üzrə ilk dəfə olaraq Avropa Çempionatını təşkil edib. 2020-ci ildə isə Azərbaycan aerobika gimnastikası üzrə Dünya Yaş Qrupu yarışları və Dünya Çempionatına ev sahibliyi edəcək” deyə, o, bildirib.

Daha sonra Olqa Kiseloviçova kurs iştirakçılarına anti-dopinqlə bağlı məlumat vermiş və imtahanlar haqqında təlimatlandırmışdır.

Kurs Braziliyadan olan ekspert Katia Lemos və aerobika gimanstikası üzrə Azərbaycan yığmasının Baş məşqçisi, ekspert Marian Kolev tərəfindən keçirilir. 12 noyabra qədər davam edəcək kurslarda Azərbaycan, Argentina, İran, Meksika, Moldova və Ukraynadan olan ümumilikdə 19 nəfər iştirak edir.

Nəzəri və təcrübi hissələrdən ibarət kurslar 2 dildə - ingilis və rus dillərində keçirilir.

Qeyd edək ki, ötən il Bakıda aerobika gimnastikası üzrə 1-ci dərəcəyə aid məşqçilik kursları təşkil edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti