Bakı. Trend:
Nazirlər Kabineti bir sıra qərarlarda dəyişiklik edərək işğaldan azad edilmiş ərazilər üzrə idxal olunan texnika, texnoloji avadanlıq, qurğu, xammal və materialların təsdiqedici sənədini tənzimləyən qaydaları yeniləyib.
Trend xəbər verir ki, dəyişikliklər “Lisenziyalar və icazələr haqqında” 2025-ci il 18 mart tarixli Qanunlarının icrası ilə əlaqədar həyata keçirilib.
Dəyişikliklərə əsasən, sənaye və texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, investisiya təşviqi sənədi almış hüquqi şəxslər, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər tərəfindən idxal olunan texnika, avadanlıq və qurğuların təsdiqedici sənədi ilə bağlı tələblər yenilənib.
Qaydada bu idxalların əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə təsdiqedici sənədin qüvvədə olduğu müddət 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək göstərilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyalar və icazələr siyahısına da müvafiq düzəlişlər əlavə olunub.
Qərar həm 2016-cı il 24 noyabr tarixli 481 nömrəli, həm də 2020-ci il 6 may tarixli 165 nömrəli Nazirlər Kabineti qərarlarında nəzərdə tutulmuş qaydaları yeniləyir və qüvvəyə mindiyi gündən tətbiq olunacaq.
