Bakı. Trend:
ATƏT-in Minsk qrupu Ermənistan–Azərbaycan "Dağlıq Qarabağ" münaqişəsinin həlli üçün 1992-ci ildə yaradılmış beynəlxalq vasitəçilik formatı idi. Nəzərdə tutulmuş əsas məqsəd sülh danışıqlarını təşkil etmək və münaqişəni beynəlxalq hüquqa uyğun şəkildə, siyasi yolla həll etmək idi. Lakin təxminən otuz illik fəaliyyətinə baxmayaraq, Minsk qrupu nə yalnız münaqişənin qarşısını ala, nə də davam edən işğala son qoya bildi.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətində və beynəlxalq ekspert dairələrində bu fəaliyyət haqlı olaraq “yarıtmaz”, “effektsiz”, hətta “formal” kimi xarakterizə edilir.
"Minsk qrupunun üç həmsədr ölkəsi Rusiya, ABŞ və Fransa
qərarları yalnız konsensusla qəbul edirdilər. Bu isə qrupun işini
demək olar ki, bloklayırdı. Üç ölkənin geosiyasi maraqları bir-biri
ilə üst-üstə düşmürdü, hər hansı ölkənin veto hüququ bütün
qərarları ləngidirdi. Bu səbəbdən qurum münaqişənin həllinə deyil,
sonsuz diplomatik prosedurlara çevrilmişdi. Həmsədr ölkələrin heç
biri tam neytral mövqe nümayiş etdirmirdi. Rusiya regionda nüfuzunu
saxlamaq və tərəfləri özündən asılı vəziyyətdə saxlamaq istəyirdi.
Fransa güclü erməni diasporunun təsiri altında idi. ABŞ isə
münaqişəni daha çox Rusiya ilə geosiyasi balans prizmasında
dəyərləndirirdi.Beləliklə, vasitəçilər münaqişənin obyektiv həlli
üçün deyil, öz dövlət maraqlarının qorunması üçün fəaliyyət
göstərirdilər. Bu, vasitəçilik missiyasının legitimliyini ciddi
şəkildə zədələyirdi."
A.Qarayev bildirib ki, Minsk qrupunun fəaliyyəti nəticəsində
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktiki olaraq
legitimləşdirilmişdi.
"Qrup işğal faktını açıq şəkildə adlandırmır, BMT qətnamələrinin icrasına nəzarət etmir, təcavüzkar tərəfə real təzyiq göstərmirdi. Bu isə Ermənistanın danışıqlardan öz maraqları üçün manipulyasiya aləti kimi istifadə etməsinə imkan yaradırdı. Tərəflərin bərabər məsuliyyət daşıdığı görüntüsü yaradılırdı ki, bu da ədalətsiz yanaşma idi."
Politoloq vurğulayıb ki, Minsk qrupu illər ərzində müxtəlif həll paketləri təklif etsə də (Madrid prinsipləri, mərhələli həll, paket həll və s.), bütün sənədlərdə ciddi ziddiyyətlər mövcud idi.
"Bu qeyri-müəyyənlik danışıqlar prosesini uzadır və Ermənistanın
işğal siyasətinə yeni imkanlar açırdı.Minsk qrupu heç vaxt
Ermənistanın atəşkəsi pozmasına, işğal altındakı ərazilərdə
qanunsuz məskunlaşma aparmasına, regiondakı humanitar vəziyyəti
pisləşdirməsinə görə sanksiya tətbiq etməmişdi. Bu, Ermənistan üçün
cəzasızlıq mühiti yaradırdı. Azərbaycan üçün isə vasitəçilərin
ədalətli mövqe tutacağına inamı minimuma endirirdi."
A.Qarayev qeyd edib ki, Minsk qrupunun acizliyinin açıq göstəricisi
2020-ci il 44 günlük Vətən müharibəsində göründü.
"Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq torpaqlarını özü azad etdi və bununla Minsk qrupunun 30 ildə edə bilmədiyini 44 günə reallaşdırdı. Bu məqam qurumun yarıtmazlığının ən dramatik sübutu oldu. 2020-ci ildən sonra həmsədr ölkələrin münasibətləri (xüsusən Rusiya–Qərb qarşıdurması) daha da kəskinləşdi. Qrup faktiki olaraq fəaliyyətini dayanmağa məcbur oldu. Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupu və ona bağlı təsisatların tamamilə ləğv edilməsinə dair mövqeyi Azərbaycanın uzun illərdir səsləndirdiyi prinsipial və ardıcıl siyasi yanaşmanı əks etdirir. Minsk qrupu 30 ilə yaxın müddətdə münaqişənin həllinə real töhfə verə bilməmiş, əksinə, prosesin uzanmasına və status-kvonun qorunmasına xidmət etmişdi.
Qeyd edək ki, ATƏT-in Minsk prosesinin və ona bağlı bütün strukturların rəsmi olaraq bağlanması, Ermənistan–Azərbaycan münaqişəsi üzrə 30 illik vasitəçilik formatının tam şəkildə tarixə qovuşduğunu göstərir. ABŞ Prezidenti Donald Trampın vasitəçilik etdiyi və Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış 8 avqust 2025-ci il tarixli Vaşinqton deklarasiyası bu prosesin əsas siyasi bazasını formalaşdırdı. Bu sənəd əsasında hər iki ölkə ATƏT-ə müraciət etdi və nəticədə 57 üzv dövlətin konsensusu ilə Minsk Qrupunun fəaliyyətinin dayandırılması qərarı qəbul olundu.
