Bakı. Samir Əli - Trend:
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov xüsusi karantin qaydaları ilə bağlı vətəndaşlara müraciət edib.
Vitse-prezident Trend-ə açıqlamasında bildirib ki, vətəndaşlar öz təhlükəsizliyi üçün bu qaydalara riayət etməlidirlər:
"Əziz həmvətənlilərim. Bu çətin günlərdə sizə müraciət etməyi özümə borc bildim. Bilirsiniz ki, dünyada koronavirusla bağlı nələr baş verir. Dünya ictimaiyyəti ən böyük bəla ilə üz-üzədir. Dünyanın inkişaf etmiş dövlətləri bu virusla bağlı çox böyük itkilər verir və bu proses davam edir. Biz də bu təhlükə ilə üz-üzəyik. Əgər səhlənkarlıq etsək, tətbiq edilən qaydalara riayət etməsək, karantin qərarlarına və tövsiyələrinə məhəl qoymasaq, böyük itkilərlə qarşılaşa bilərik. Gəlin, dövlətimizin ətrafında sıx birləşək. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bununla bağlı əhaliyə müraciətlər etdilər, hər zaman vətəndaşlarının yanında olduqlarını dedilər. Biz də bir xalq olaraq səfərbər olmalıyıq. Bu, bir müharibədir, döyüşdür. Səfərbər olaq ki, bu müharibədən qalib ayrılaq, virusa qalib gələk. Biz birlikdə güclüyük. Sizdən artıq dərəcədə xahiş edirəm ki, həkimlərimizi, polislərimizi, qazilərimizi, ağsaqqallarımızı, ağbirçəklərimizi, övladlarımızı düşünək".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.