Bakı. Trend:
Bakıdakı yarışlarda hər şey xoşuma gəlir, gimnastika arenasının zalı və tamaşaçılar çox yaxşıdır.
Bu barədə Trend-ə İsrailli atlet, sərbəst hərəklər proqramı üzrə 2020 Olimpiya çempionu, dünya çempionatının mükafatçısı, Avropa çempionu Artem Dolqopyat deyib.
"Yarışların təşkili əla səviyyədədir. Yarışların başlamasından bir neçə gün əvvəl Bakıya gəldik, təlim-məşq toplanışları keçirilib və bu, yarışa hazırlaşmaq üçün kifayət olub. Bugünkü çıxışıma gəlincə, sərbəst hərəkətlərdə kombinasiyanı yaxşı nümayiş etdim, hakimlərdən 14,866 xal aldım. Ümumilikdə, çıxışımdan razıyam, indi sabaha özümü hazırlamalıyam, burada daha iki alətdə - gimnastika atı və dayaqda tullanma hərəkətlər üzrə proqramda çıxış etməliyəm", - deyə gimnast qeyd edib.
İdman gimnastikasında yeni qaydalardan danışan Artem Dolqopyat qeyd edib ki, o, öz proqramı üzərində hələ də çalışır və gələcəkdə onu, daha da çətinləşdirəcək:
"Qaydalar dəyişdi və Olimpiadadan sonra yeni kombinasiya hazırlamağa vaxtım olmadı. Mənim kombinasiyam hələ çox güclü deyil, amma gələcəkdə onun üzərində işləmək olar".
Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.
Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.