Bakı. Trend:
Bakıda Milli Gimnastika Arenasında Göyçay və İsmayıllıdan olan gənc idmançılar, bədii gimnastika nümayəndələri üçün təlim-məşq toplanışı keçirilir.
Trend xəbər verir ki, təlim-məşq toplanışında Göyçay və İsmayıllı Olimpiya idman komplekslərində fəaliyyət göstərən bədii gimnastika bölmələrini təmsil edən gənc idmançılar iştirak edirlər.
Təlim-məşq toplanışında məqsəd regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.
Göyçay və İsmayıllı Olimpiya İdman Kompleklərinin bədii gimnastika üzrə məşqçisi Ləman Zeynalzadənin sözlərinə görə, təlim-məşq toplanışında 7 gənc idmançı iştirak edir.
“İsmayıllı Olimpiya İdman Kompleksində 2015-ci ildən, Göyçay Olimpiya İdman Kompleksində isə 2017-ci ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir. Göyçay və İsmayıllıdan olan gimnastlar Bakıda keçirilən beş günlük təlim-məşq toplanışlarında iştirak edirlər. Bu cür məşqlər gənc gimnastların idman hazırlığını, onların gimnastika predmetləri ilə işləmək vərdişlərini təkmilləşdirməyə yönəlib. Gənc idmançılar bu məşqlərə böyük məsuliyyətlə yanaşırlar, çünki 2023-cü ildə bizi böyük yarışlar gözləyir. Onlar Milli Gimnastika Arenasında məşq etməkdən çox məmnundurlar. Orada məşq etmək və gimnastların idman bacarıqlarını təkmilləşdirmək üçün gözəl şərait var. Biz bu fürsətə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımızı bildiririk”, - deyə Zeynalzadə bildirib.
Qeyd edək ki, regionlarda gimnastikanın inkişafı çərçivəsində respublikanın müxtəlif bölgələrindən olan idmançılar mütəmadi olaraq Bakıda keçirilən təlim-məşq toplanışlarında iştirak edirlər. Bundan əvvəl Milli Gimnastika Arenasında Mingəçevir, Gəncə, Masallı, Şirvan, Kürdəmir, Şəki, Ağdaş və Abşerondan olan gimnastların təlim-məşq toplanışı keçirilib.