Bakı. Trend:
Sentyabrın 2-8-də İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı keçiriləcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, mundialda iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub.
700-ə yaxın idmançının mübarizə aparacağı yarışda mübarizəyə ilk yunan-Roma güləşçiləri qoşulacaqlar. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında Rahim Həsənov (55 kq), Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Cocu Səmədov (87 kq), Mikayıl İsmayılov (97 kq) və Məzaim Mərdanov (130 kq) ölkəmizi təmsil edəcək.
Daha sonra böyük məşqçi Rövşən Umudovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilərimiz xalçaya çıxacaq. Heyətdə Aysel Məmmədzadə (50 kq), Əsmər Cankurtaran (53 kq), Nərgiz Səmədova (55 kq), Ruzanna Məmmədova (59 kq) və Günay Qurbanova (62 kq) yer alıb.
Çempionatın sonuna doğru estafet sərbəst güləşçilərə keçəcək. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun tapşırıqlarını Bəşir Verdiyev (57 kq), Camal Abbasov (61 kq), Ayxan Abdullazadə (65 kq), Omar Gülməmmədov (70 kq), Ağanəzər Novruzov (74 kq), Emin Qocayev (79 kq), Sadiq Mustafazadə (86 kq), Anar Cəfərli (92 kq), Xetaq Karsanov (97 kq) və Yusif Dursunov (125 kq) uğurla yerinə yetirməyə çalışacaq.
Qeyd edək ki, dünya çempionatında I kateqoriyalı hakimlərimiz Elman İsmayılovla Bəşir İsazadə ədaləti qoruyacaq.