Bakı. Trend:
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Trend xəbər verir ki, millimiz rekord göstəricilərlə ardıcıl 4-cü dəfə komanda hesabında Avropa çempionu olub. İlk dəfə 2022-ci ildə U-23 Avropa çempionatında titula sahib çıxan sərbəst güləşçilərimiz artıq 4 ildir ki, baş mükafatı özündə saxlayır. Budəfəki uğur rekord göstəricilərlə əlamətdar olub. Millimiz həm topladığı xala, həm medalların, həm də finalların sayına görə öz rekordunu yeniləyib.
Belə ki, yığmamız ilk dəfə bu yarışda 10 çəkidən 9-da medal qazanıb. İlk dəfə 5 sərbəst güləşçimiz qitə birinciliyinin finalında güləşib. Komandamız 169 xalla kuboku qazanmaqla özünün yeni xal rekordunu müəyyənləşdirib.
Türkiyə (117) ikinci, Ukrayna (104) isə üçüncü yeri tutub.
Millimizin tərkibində Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.