Bakı. Trend:
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kuboku başa çatıb.
Trend xəbər verir ki, yarışın sonuncu – ikinci günündə milli komandamızın 3 üzvü fəxri kürsüyə yüksəlib.
48 kq çəki dərəcəsində Könül Əliyeva bütün görüşlərdə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz finalda polşalı Natalya Stoklosanı məğlub edib. Bu çəkidə digər təmsilçimiz Leyla Əliyeva isə bürünc medala sahib çıxıb.
52 kq çəkidə tatamiyə çıxan Gültac Məmmədəliyeva da keçirdiyi üç görüşdən qalib ayrılaraq qızıl medala layiq görülüb. O, finalda Buketnur Karabulutu (Türkiyə) üstələyib.
Yarışın ilk günündə isə Günel Həsənli (70 kq) bürünc medalla yadda qalmışdı.
Beləliklə, Azərbaycan yığması ümumilikdə 2 qızıl və 2 bürünc medal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 5-ci yeri tutub.