...

Qazaxıstandan geri qaytarılan kartof fitosanitar tələblərə tam uyğundur

İqtisadiyyat Materials 30 İyun 2017 16:57 (UTC +04:00)
Qazaxıstandan geri qaytarılan kartofda nematod aşkar edilməyib.
Qazaxıstandan geri qaytarılan kartof fitosanitar tələblərə tam uyğundur

Bakı. Trend:

Qazaxıstandan geri qaytarılan kartofda nematod aşkar edilməyib.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən bildirilib.

Xidmətdən bildirilib ki, iyun ayında Azərbaycanın Cəlilabad rayonunda yetişdirilən, Qazaxıstana ixrac olunan ümumilikdə 81,5 ton kartof məhsulu karantin tətbiq edilən zərərli orqanizm Qızılı kartof nematodu (Globodera rostochiensis Behrens) aşkar edilməsi əsas göstərilərək bu ölkədən geri qaytarılıb.

Geri qaytarılmış kartof məhsulundan təkrarən nümunələr götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin Fitohelmintologiya laboratoriyasında yoxlanılıb və məhsulda sözügedən nematod aşkar edilməyib. Həmçinin, Cəlilabad rayonunun kartof məhsulunun yetişdirildiyi əkin sahələrindən götürülmüş torpaq nümunələrində də nematod və ya onların sistalarına rast gəlinməyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, Qazaxıstandan geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlanılıb, birgə komissiyanın təşkil olunaraq yüklərdən təkrarən nümunə götürülərək hər hansı üçüncü bir ölkənin müvafiq laboratoriyasında yoxlanılması təklif edilib. Bununla bağlı səfirliyin nümayəndəsi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən təqdim olunmuş materialların diplomatik kanallarla qarşı tərəfə çatdırılacağı və zəruri tədbirlərin görüləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti