...

Daha 4 rayonda regional “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması gözlənilir (FOTO)

İqtisadiyyat Materials 15 Sentyabr 2017 18:48 (UTC +04:00)
Bu gün pilot layihə olaraq, regional mərkəzlər vasitəsilə Masallı və Balakən rayonlarında fəaliyyət göstərən “ABAD” ailə təsərrüfatlarına xidmətlər göstərir.
Daha 4 rayonda regional “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması gözlənilir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün pilot layihə olaraq, regional mərkəzlər vasitəsilə Masallı və Balakən rayonlarında fəaliyyət göstərən “ABAD” ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, istehsalatda müasir texnoloji istehsal avadanlıqlarından istifadə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili kimi xidmətlər göstərir.

“ABAD”ın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Şirinov Trend-ə bildirib ki, ilk regional “ABAD” mərkəzi pilot layihə qismində Masallı rayonunda fəaliyyətə başlayıb.

“1 saylı Masallı regional “ABAD” mərkəzi ilkin mərhələdə 6 ailəyə monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlıqları təqdim edib. Bu avadanlıqlardan 3-ü cem və mürəbbə, 1-i pendir, 2-si kolbasa məmulatlarının istehsalı üçün nəzərdə tutulub. Bundan başqa, “ABAD” cənub regionu üzrə arıçılıqla məşğul olan 3 ailəyə də dəstək göstərir. Tərəfimizdən ailə təsərrüfatlarına avadanlıqlardan istifadə, gigiyena və əməyin təhlükəsizliyi ilə bağlı təlimlər keçirilib. Masallı “ABAD”çıları üçün “Sehrli meyvələr”, “Bal kimi”, “Nübar” mürəbbə, “Şərəfə” pendir, “Kəndli”, “Bəh-bəh” kolbasa brendləri yaradılıb”.

Elvin Şirinovun sözlərinə görə, ABAD və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, ikinci regional “ABAD” mərkəzi Balakən rayonunda fəaliyyətə başlayıb:

“Avqustun 3-də açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Balakən regional “ABAD” mərkəzi ilkin mərhələdə 12 ailəyə zəruri istehsal avadanlıqları təqdim edib. Təqdim olunan avadanlıqlardan 9-u cem və mürəbbə, 2-si pendir, 1-i isə kolbasa məmulatlarının istehsalı üçün nəzərdə tutulub. Balakənli “ABAD”çılarımız üçün ailə brendləri yaradılıb, onlara zəruri qablaşdırma vasitələri təqdim olunub və ailə təsərrüfatlarının məhsullarının satışı təşkil olunub”.

“ABAD” öz fəaliyyətinin təşkilində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir. “ABAD”çı ailələr tərəfindən istehsal olunmuş məhsullar qeyd olunan qurumların əməkdaşları tərəfindən yoxlanılır və hər bir məhsula müvafiq uyğunluq və gigiyena sertifikatları təqdim olunur.

“ABAD”çı ailələrin hazırladığı məhsullar tam təbiidir və bütün zəruri yoxlamalardan keçərək, müvafiq sertifikatlarla işarələniblər. Beləliklə, müasir tələblərə cavab verən dizayna və brend adına, uyğunluq və gigiyenik sertifikatlara malik məhsulların satışını həyata keçirmək asanlaşıb. Alıcılara təqdim olunan hər bir məhsulun üzərində onun bizim himayəmiz altında istehsal olunduğunu göstərən “ABAD” leybli yerləşdirilir.

Bu, həm də həmin məhsulun yüksək keyfiyyətə malik olduğunun bir göstəricisidir. Hazırladıqları məhsulların özlərinə məxsus brend adı altında satışa çıxarılması ailə təsərrüfatlarını işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar təqdim etməyə daha da həvəsləndirir”.

“ABAD”ın ikinci prioritet istiqaməti isə dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrin dəstəklənməsidir. Əgər əvvəllər sənətkar ailələri hazırladıqları məhsulların satışı ilə bağlı müəyyən çətinliklərlə qarşılaşırdılarsa, bu gün onların öz əl işlərini “ABAD” sərgi-satış mərkəzləri vasitəsilə reallaşdırmaq imkanları yaranıb.

“Bildiyimiz kimi, bu gün Azərbaycan əcnəbi turistlərin ən çox ziyarət etdiyi ölkələrdən birinə çevrilib. Ölkəmizə səfər edən əcnəbi vətəndaşlar vətənlərinə qayıdarkən, əlbəttə ki, onlara Azərbaycanı xatırladacaq müəyyən hədiyyələr almaq istəyirlər. Əvvəllər bazarda təqdim olunan souvenir məhsullarının üzərində Azərbaycan təsvirləri olsa da, onlar əsasən xarici ölkələrdə, o cümlədən Çində hazırlanırdı. Belə bir vəziyyətdə illərdir ki, dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan, gözəl əl işləri hazırlayan sənətkarlarımız öz məhsullarını reallaşdıra bilmirdilər, yalnız Azərbaycan sənətkarlarının əl işlərinin satışa çıxarıldığı bir mərkəzə ehtiyac var idi. Bu istiqamətdə “İçərişəhər” Dövlət-Tarixi Memarlıq Qoruq İdarəsi ilə əməkdaşlıq çərçivəsində, martın 18-də “İçərişəhər”də “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başladı”.

İlkin mərhələdə “İçərişəhər”də sərgi-satış mərkəzində 63 sənətkar ailəsinin əl işləri satışa çıxarılsa da, qısa müddətdə “ABAD”a müraciətlərin sayı sürətlə artıb. Əcnəbi turistlərin təqdim olunan əl işlərinə böyük marağını, əməkdaşlıq üçün müraciət edən sənətkar ailələrinin sayının artmasını nəzərə alaraq, paytaxt Bakının turistlərin sıx olduğu daha bir neçə müvafiq sərgi-satış mərkəzlərinin yaradılması haqqında qərar qəbul edilib.

“Növbəti mərhələdə AZAL ilə əməkdaşlıq çərçivəsində iyunun 8-də Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında, avqustun 22-də isə Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıq çərçivəsində Bakı Dəmiryolu Vağzalında sərgi-satış mərkəzlərini istifadəyə verildi. Bu gün qeyd olunan sərgi-satış mərkəzləri vasitəsilə artıq 130 ailənin 1650 adda 5000-dən çox sənət nümunəsi, 9 ailənin isə 40 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə və bal) təqdim olunur. Gələcəkdə “ABAD” sərgi-satış mərkəzlərinin turistlərin çox səfər etdiyi regionlarda, müxtəlif 5 ulduzlu otellərdə də açılması nəzərə tutulur”, - deyə, Elvin Şirinov bildirib.

“ABAD” rəsmisi onu da qeyd edib ki, əl işləri, ərzaq məhsullarının satışından əldə olunan vəsaitlər birbaşa “ABAD”çıların bank hesablarına köçürülür:

“MDB, ərəb ölkələri, Avropa İttifaqından gələn turistlərin təqdim olunan məhsullara marağı böyükdür. “ABAD”çıların maliyyə-mühasibat işləri, vergi məsələlərinin tənzimlənməsi “ABAD” tərəfindən həyata keçirilir. Satışdan əldə olunan vəsait hər bir “ABAD”çının bank hesabına köçürülür. Beləliklə, görülən tədbirlər nəticəsində regionlarda yaşayan sənətkarlar öz məhsullarını paytaxt Bakıda satışa çıxarmaq, daha çox gəlir qazanmaq imkanı əldə ediblər. Bir məqamı vurğulamaq istərdim ki, ərzaq istiqaməti üzrə “ABAD” pilot layihə olaraq, Balakən və Masallıda fəaliyyət göstərsə də, dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində bütün ölkə üzrə müraciətlər qəbul olunur.

Bu zaman sənətkar ailəsinin təqdim etdiyi əl işləri dəyərləndirilir. Əmtəə görünüşü olan məhsullar “ABAD” mağazalarında satışa çıxarılır. Bəzi hallarda sənətkar ailələrinin hazırladığı milli suvenirlər tələblərə cavab vermir, bu zaman “ABAD”ın mütəxəssisləri onlara təlim keçir, işlərinin daha keyfiyyətli və zövqlü hazırlanması üçün zəruri dəstək göstərirlər. Beləliklə, “ABAD” ilə əməkdaşlıq edən ailə təkcə gəlirlərini deyil, həm də bilik və bacarıqlarını artırmış olurlar”.

Masallıdan olan “ABAD”çı Əhmədağa Rəhimov kolbasa istehsalı ilə məşğuldur. “ABAD”çının sözlərinə görə, onun ailəsi illərdir ki, əsasən ətlik mal-qara saxlayır:

“ABAD” haqqında məlumat aldıqdan sonra Masallıdakı regional mərkəzə müraciət edən fermer öz istehsal potensialı, təsərrüfat imkanları barədə məlumatları təqdim edərək, kolbasa istehsalına başlamaq istədiyini bildirib, lakin xüsusi şəraitə və avadanlığa malik olmadığı üçün “ABAD”dan dəstək istəyib.

“ABAD” tərəfindən ət məhsulları istehsalı avadanlığı ilə təmin olunan Rəhimovlar ailəsi artıq bu gün ən yüksək standartlara uyğun, təmiz, keyfiyyətli və dadlı kolbasa məhsulları hazırlayır. Ailə üçün “Kəndli” kolbasa brendi yaradılıb. “ABAD”ın mütəxəssisləri tərəfindən təlim keçən ailə artıq məhsullarını böyük bazara çıxarmağa hazırlaşır.

“Əvvəllər atam evdə bizim üçün kolbasa hazırlayırdı və bu kolbasanın dadı tamam fərqli olurdu. Bu gün mən “ABAD”ın təqdim etdiyi istehsal avadanlıqlarının köməyi ilə həmin ailə reseptimizə uyğun hazırlanmış ət məhsullarını bazara çıxartmaq niyyətindəyəm. Düşünürəm ki, Rəhimovlar ailəsinin hazırladığı bu məhsulların dadı dillər əzbəri olacaq”, - Əhmədağa Rəhimov qeyd edir.

“ABAD”ın cem və mürəbbə məhsullarının istehsalı üzrə dəstək göstərdiyi İbrahimovlar ailəsi Balakən rayon sakinləridir. Ailənin üzvü Zöhrə İbrahimova 35 ildən çoxdur ki, müxtəlif meyvə və giləmeyvələrdən mürəbbə və cem hazırlayır.

Həyətyanı sahələrindən topladığı moruq, böyrtkən, tut meyvələrindən hazırlanan bu məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənir.

Mürəbbə və cemləri xüsusi respetlə hazırlayan Zöhrə xanım qeyd edir:

“Gənc yaşlarımdan daim mətbəxə maraq göstərmiş və anamın respetlərinə əsasən mürəbbələrin sirrlərini öyrənmişəm. Məsələn, mənim hazırladığım moruq mürəbbəsi digər şəxslərin hazırladıqlarından fərqlənir. Mürəbbənin dad fərqliliyi ilə yanaşı içindəki meyvələr əzilmir, diri qalır”.

İbrahimovlar mürəbbə və cem istehsalı üzrə ailə bizneslərini daha da inkişaf etdirmək, hazırladıqları məhsulları təkcə yaşadıqları Balakəndə deyil, bütün ölkə miqyasında satışa çıxarmaq məqsədilə “ABAD”a müraciət ediblər.

“ABAD” tərəfindən istehsal potensialı, təsərrüfat imkanları dəyərləndirilən ailənin müraciətinə müsbət cavab verilib və onlara monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub.

Ailə avadanlıqlardan istifadə, gigiyena və əməyin təhlükəsizliyi qaydaları ilə bağlı təlimlər keçdikdən sonra verilmiş monoblok-konteynerdə məhsul istehsalına başlayıb.

Zöhrə xanımın sözlərinə görə, əvvəllər cem və mürəbbələrin kustar üsulla, ev şəraitində məhsulların hazırlanması çox zaman və enerji tələb edirdi:

“Lakin indi biz əvvəlki dadı saxlamaqla, gün ərzində daha çox məhsul istehsal edə bilirik”.

“ABAD” İbrahimovlar ailəsi üçün “Bağımızın bəhrəsi” brendini yaradıb və məhsulların satışını təşkil edib.

Gəncə şəhərinin “ABAD” tərəfindən dəstəklənən sakini Nağı Nağıyev keramika ustasıdır. Onun milli üslublarda hazırladığı boşqab, kuzə və müxtəlif təyinatlı süfrə qabları kimi əl işləri çox orijinal görkəmə malikdir.

Nağı Nağıyev deyir ki, öz əl işlərində dahi Nizami Gəncəvinin “Xəmsə”sindən ilham alır.

Sənətkarın təqdim etdiyi əl işlərinin üzərində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Yeddi gözəl” kimi poemalardan götürülmüş müxtəlif obrazlara rast gəlmək olar.

Sənətkarın sözlərinə görə, o, miniatür sənətini əmisinin emalatxanasında öyrənib və daim bu sahədə peşəkarlığa can atıb:

“1971-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlamışam və bir çox ölkələrdə keçirilən sərgilərdə iştirak edərək medallar ilə təltif olunmuşam”.

Nağı Nağıyev keramika üzərində gözəl miniatüralar yaratsa da, məhsulların hazırlanması üçün xammalların alınmasında çətinliklər və satış bazarının azlığı sənətkara öz peşəsini daha da inkişaf etdirməyə mane olub.

Çalışdığı sahədə yeni bir pilləyə qədəm qoymaq, satış bazarını genişləndirmək üçün sənətkar “ABAD”a müraciət etmək qərarına gəlib.

Ustad sənətkarın müraciəti müsbət cavablandırılıb və beləliklə, “ABAD”ın dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrə, vətəndaşlara göstərdiyi dəstək çərçivəsində Nağı Nağıyevin əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılıb.

Nağı Nağıyev deyir ki, hazırladıqları əl işlərinin turistlər tərəfindən böyük maraqla qarşılanması, satışların artması, maddi təminatını daha da güclənməsi onu bu sahədə yeni mütəxəssislər hazırlamağa həvəsləndirir.

Elvin Şirinovun sözlərinə görə, gələcəkdə daha 4 rayonda regional “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması gözlənilir. Bu isə onu deməyə əsas verir ki, qarşıdakı müddətdə böyük supermarketlər şəbəkələrində daha çox yerli məhsullara rast gələcəyik.

Qeyd edək ki, 23 sentyabr 2016-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, “ABAD”ın yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.

Xəbər lenti

Xəbər lenti