...

İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb (FOTO)

İqtisadiyyat Materials 21 Dekabr 2017 18:07 (UTC +04:00)
Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə keçirilən Respublika İnnovasiya Müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.
İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb (FOTO)

Bakı. Trend:

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə keçirilən Respublika İnnovasiya Müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə təşkil olunmuş İnnovasiya Müsabiqəsi ölkəmizdə innovasiya sahəsində bu formatda keçirilən ilk tədbirdir. Müsabiqəyə İqtisadiyyat Nazirliyi və “ASAN xidmət”in “İdeya Bankı” vasitəsilə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-ə yaxın layihə təqdim olunub.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, son illər Azərbaycanın innovasiya proseslərinə inteqrasiyası, innovasiya iqtisadiyyatına keçidi təmin edən tədbirlərin reallaşdırılması və təşviqi mühüm strateji proqram və sənədlərdə, o cümlədən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və müxtəlif sektorları əhatə edən Strateji Yol Xəritələrində öz əksini tapıb. Bu sənədlərin bir sıra hədəf və istiqamətləri innovasiyaları həvəsləndirmək tədbirlərinin əks olunduğu BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi ilə eynilik təşkil edir. Müsabiqənin İnnovasiyalara marağı daha da artırmaq məqsədilə keçirildiyini diqqətə çatdıran Şahin Mustafayev bu cür tədbirlərin innovativ subyektlərin fəaliyyətinin stimullaşdırılması və səmərəliliyin artırılması, innovasiya infrastrukturu çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri şəraitin yaradılması, elmi-tədqiqat bazasının təkmilləşdirilməsi və innovasiya fəaliyyətinin kadr potensialının inkişafı baxımından vacibliyini vurğulayıb. Bildirilib ki, müsabiqənin təşkili məqsədilə dövlət qurumları və BMT-nin nümayəndələrindən ibarət komissiya yaradılıb, ötən müddət ərzində müsabiqənin təşviqi və ictimaiyyətin maarifləndirilməsi istiqamətində bir sıra görüşlər keçirilib, innovasiya layihələrinin qəbulunun sadələşdirilməsi üçün “ASAN xidmət”in “İdeya Bankı” platformasından istifadə olunub. İnnovasiya Müsabiqəsinin əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev belə tədbirlərin növbəti illərdə də keçiriləcəyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai innovasiyaların rolu barədə danışıb, belə müsabiqələrin gələcəkdə innovativ sahələrə investisiya qoyuluşlarının təşviqinə, elmi nailiyyətlərin və yeniliklərin müxtəlif sahələrdə tətbiqi imkanlarına, həmçinin milli innovasiya sisteminin təkmilləşdirilməsinə töhfə verəcəyini qeyd edib.

Sonra İnnovasiya Müsabiqəsi çərçivəsində görülmüş işlərə, müsabiqənin məqsəd və əhəmiyyətinə dair video çarx nümayiş olunub, qalib elan edilmiş innovativ layihələrin, habelə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində mükafata layiq görülmüş yağışdan elektrik enerjisi əldə edən “Rainergy” layihəsinin müəllifi Reyhan Camalova və Zəhra Qasımovanın birgə təqdimatı keçirilib. Təqdimatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə innovasiyalar sahəsində fəaliyyətin davamlılığının təmin edilməsi, ideya və layihələrin toplanılması, qiymətləndirilməsi və mükafatlandırılması məqsədilə keçirilən İnnovasiya Müsabiqəsinin hər il təşkilinə dair birgə tədbirlərin əlaqələndirilməsi üçün İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Milli Elmlər Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi İqtisadiyyat naziri Şahin Mustafayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə imzalayıblar.

Sonda İnnovasiya Müsabiqəsində qalib elan edilmiş ilk üç layihənin, eləcə də böyük marağa səbəb olan və həvəsləndirici mükafata layiq görülmüş layihələrin müəlliflərinə diplomlar və mükafatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti