Bakı. Samir Əli - Trend:
Quba rayonunda 22 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Quba rayonunda həyata keçirilən yol infrastrukturu layihələri 2 istiqamət üzrə 50 km uzunluğa malik avtomobil yollarını əhatə edir. Bu başlanğıcını respublika əhəmiyyətli Quba-Xaçmaz avtomobil yolunun 13-cü km-dən götürən 17 km uzunluğa malik Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi və başlanğıcını M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır.
11 yaşayış məntəqəsini əhatə edən Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi avtomobil yolu boyu zəruri olan yerlərdə torpaq yatağının təmiri və bərpası üçün yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirilib, əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb, hazırda isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Tikinti layihəsinə uyğun olaraq çiyinlərin bərpası işləri, 240 paqon-metr uzunluğunda dairəvi dəmir-beton boruların quraşdırılması və izolyasiyası işləri də yerinə yetirilmiş işlərdəndir. Daha sonra yol boyu 700 ədəd siqnal dirəyi, 148 ədəd yol nişanı, 17 ədəd km göstəricisi quraşdırılacaq, 51 kmuzunluğunda xətlənmə işləri aparılacaq.
11 yaşayış məntəqəsini əhatə edən digər İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yol boyunca hazırda torpaq işləri həyata keçirilir, yol yatağının yararsız qruntu qazılıb çıxarılır, qazılmış və genişləndirilmiş hissələrdə yararlı materialla kipləşdirmə işləri aparılır. Bu işlərin həcmi 48 min kub.m təşkil edir.
Texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi tikinti norma və standartlarında nəzərdə tutulmuş qarışıqlardan istifadə edilməklə təqribən 350 min kv.m sahədə yol əsası inşa ediləcək və ardınca 200 min kv.m sahəni əhatə edən həcmdə asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədədkm göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün yolciqgi və yolgöstərici xətlərin çəkilməsi nəzərdə tutulub.