Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən illə müqayisədə 6,5 dəfə çox olmaqla, 7 800-dək ailə cəlb edilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan bu günədək 4 100-dən çoxuna mal və materiallar təqdim olunub. Həmin ailələrin biznes planlarına uyğun şəkildə müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfatlarının yaradılması təmin edilib. Bu da onların öz zəhmətləri hesabına gəlirlərini artırmalarına və dövlət yardımından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı əldə etmələrinə şərait yaradıb.
Özünüməşğulluq proqramında xüsusilə həssas qrupların fəal iştirakına diqqət yönəldilib. Belə ki, proqrama cəlb edilənlərin 1 000 nəfərdən çoxunu əlilliyi olan şəxslər, 1 000 nəfərə qədərini sosial yardım alan ailələrin üzvləri, 400 nəfərə qədərini sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, 160 nəfərini şəhid ailəsi üzvləri, 1 300 nəfərə qədərini məcburi köçkünlər, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və başqaları təşkil edir.