...

Nazir müavini: “Fermerləri payızlıq əkinləri bəyan etmək prosesində aktiv olmağa çağırıram”

İqtisadiyyat Materials 1 Dekabr 2019 13:11 (UTC +04:00)

Bakı. Trend:

Şamaxıda əkinlərin bəyan edilməsi prosesi ilə bağlı maarifləndirici görüş keçirilib.

2020-ci ildən başlayaraq aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar fermerlər subsidiya almaq üçün EKTİS-də şəxsi kabinet yaratmalı, öz aqrar fəaliyyətlərinə dair məlumatları və müvafiq sənədləri sistemə daxil etməlidir. Bu ilin əvvəlindən etibarən EKTİS-də fermerlərin qeydiyyatı prosesinə start verilib, hazırda 350 mindən artıq fermer yeni sistemdə qeydiyyatdan keçib.

Noyabr ayından etibarən EKTİS-in tətbiqi ilə əlaqədar növbəti mərhələyə start verilib. Bu mərhələdə fermerlər öz şəxsi kabinetlərinə daxil olaraq əkdikləri məhsulları bəyan etməlidirlər. Hazırda 100 mindən artıq fermer payızlıq əkin dövründə əkdiyi məhsul barədə məlumatı EKTİS-ə daxil edib. Proses hazırda davam edir və Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə yeni subsidiya mexanizminə keçid və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı bölgələrdə maarifləndirici görüşlər keçirir. Artıq Masallı, Cəlilabad, Salyan, Kürdəmir və Ağsu rayonlarında müvafiq görüşlər keçirilib. Bu gün isə Şamaxıda nazirlik rəsmilərinin, rayon icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti tədbir keçirilib.

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Nazirlk Aparatının nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən görüşdə əkinlərin bəyan edilməsi prosesi müzakirə olunub.

Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə, o cümlədən rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri, əsaslı infrastruktur layihələri barədə ətraflı məlumat verib. Ölkədə kənd təsərrüfatının inkişafına toxunan Tahir Məmmədov bildirib ki, aparılan islahatlar və dövlət dəstəyinin genişləndirilməsi aqrar sahənin dinamik inkişafına səbəb olub.

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Hazırda dövlət tərəfindən kənd təsərrüfatına çox böyük dəstək tədbirləri həyata keçirilir. Yeni subsidiya mexanizminin tətbiqi dövlət dəstəyinin təmin olunnmasında operativliyi və şəffaflığı təmin etmiş olacaq. Bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) layihəsinin tətbiqi istiqamətində mühüm irəliləyiş əldə olunub. Sistemdə qeydiyyatdan keçmiş fermerlər artıq öz əkinlərini bəyan etməyə başlayıblar. Fermerləri və onlara informasiya-məsləhət xidməti göstərən bütün qurumları payızlıq əkinlərin bəyan edilməsi prosesində daha aktiv olmağa çağırırıq. Kənd təsərrüfatı istehsalçılarının gələn il subsidiya alması üçün payızlıq əkinləri bəyan etməsi vacibdir”.

Nazir müavini qeyd edib ki, EKTİS sisteminin tətbiqi Azərbaycanda subsidiyaların verilməsində şəffaflığı tam təmin edəcək, aqrodataların toplanmasına, geniş təhlilinə imkan verəcək.
Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, Aqrar Subsidiya Şurası tərəfindən müxtəlif məhsullar üzrə müəyyənləşmiş əmsallar, fermerlərə veriləcək subsidiyaların aqrar sahənin inkişafına göstərəcəyi müsbət təsir ətrafında fikir mübadiləsi aparılıb, EKTİS-in tətbiqi ilə əlaqədar yerli icra orqanlarının nümayəndələri və bələdiyyə təmsilçilərinin sualları cavablandırılıb.

Qeyd edək ki, bu silsilədən növbəti tədbir dekabrın 2-də Xaçmaz, Quba, Şabran və Siyəzən rayonlarında keçiriləcək.

Fermerlərin payızlıq əkinləri bəyan etməsi prosesinə köməklik göstərmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərində, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərində xidmət pəncərələri yaradılıb. Bundan başqa, nazirliyin nümayəndələrindən ibarət səyyar qruplar bölgələrdə fermerlərə müvafiq informasiya-məsləhət xidmətləri göstərirlər. Eyni zamanda, EKTİS-də qeydiyyatdan keçmək və aqrar fəaliyyətə dair məlumatları sistemə daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti