...

İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosasiyaya üzv qurumların onlayn görüşü keçirilib (FOTO)

İqtisadiyyat Materials 24 İyul 2020 13:34 (UTC +04:00)
İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosasiyaya üzv qurumların onlayn görüşü keçirilib (FOTO)

Bakı. Trend:

COVID-19 pandemiyasından sonra ictimai nəqliyyat - mövcud vəziyyət və gələcək planları müzakirə etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosasiyaya (UITP) üzv qurumların video-konfrans formatında görüşü keçirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, təşkilatın Avrasiya Nümayəndəliyinin sədri, Mostransproekt Tədqiqat İnstitutunun baş direktoru Aleksandr Polyakovun moderatoru olduğu görüşdə Avropa, Amerika Birləşmiş Ştatları, Kanada, Latın Amerikası və Avrasiya regionundan olmaqla ümumilikdə 300 nəfərdən artıq ictimai nəqliyyat təşkilatlarının nümayəndələri iştirak edib.

UITP Baş Katibi Məhəmməd Mezqani, eləcə də Azərbaycan, Böyük Britaniya, Fransa, Avstriya, İspaniya və Rusiyanın paytaxt şəhərlərinin ictimai nəqliyyatın tənzimlənməsinə məsul qurumlarının rəhbər şəxsləri təqdimatla çıxış ediblər. Pandemiya zamanı ictimai nəqliyyatın tənzimlənməsi və post-pandemiya inkişaf planları üzrə təcrübələrini bölüşüblər.

Konfransda karantin dövründə və bundan sonra təhlükəsiz şəhər mobilliyi xidmətlərinin təmin edilməsi, sərnişin tələbatının idarə olunması və əməliyyatlarının planlaşdırılması, iqtisadi təsirlər və maliyyə cavabdehliyi, ictimai nəqliyyatın inkişaf prespetivlərinə dair məsələlər müzakirə edilib. Həmçinin, post-pandemiya dövründə ictimai nəqliyyatın və şəhər mobilliyinin təmin edilməsində prioritetlər, bu sahələrdə investisiyaların və dövlət dəstəyinin əhəmiyyəti nəzərdən keçirilib. Sərnişinlərdə ictimai nəqliyyata inamın bərpası, səfərlərin təhlükəsiz təşkilinə dair fikir mübadiləsi aparılıb. Post-pandemiya dövründə ictimai nəqliyyat və şəhər mobilliliyinin əhəmiyyəti nəzərə alınaraq qlobal iqtisadi çətinliklərə baxmayaraq dövlətlərin bu sahəyə sərmaya yatırımlarının davam etdiriləcəyi deyilib.

Çıxış edənlər pandemiya zamanı ictimai nəqliyyatın ön cəbhədə fasiləsiz çalışdığını bildiriblər. Bu isə dayanıqlı şəhər mühitinin formalaşması, iqlim dəyişikliyi ilə mübarizə, sağlam və aktiv həyat tərzinin təşviqi, yerli iqtisadiyyatın inkişafı baxımından mühüm rol oynayır. Qeyd olunanları nəzərə alaraq UITP tərəfindən #bettermobility aksiyasına başlanılıb. Hər kəs üçün əlçatan və rahat ictimai nəqliyyatın təmin edilməsini əsas götürərək Bakı Nəqliyyat Agentliyi də bu qlobal çağırışa qoşulduğunu bəyan edib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli pandemiya zamanı görülən işlər, dayanıqlı nəqliyyat sisteminin təşkili istiqamətində post-pandemiya planları haqqında təqdimatla çıxış edib. Bundan əvvəl isə İdarə Heyətinin sədri 200 nəfərdən artıq konfrans iştirakçısını Azərbaycan-Ermənistan sərhədində baş verən düşmən təxribatı barədə məlumatlandırıb. Bilidirib ki, bütün dünyada, o cümlədən də Azərbaycanda pandemiyaya qarşı tədbirlər aparıldığı bir vaxtda Ermənistan ordusunun təxribatı heç bir beynəlxalq təşkilatın prinsip və dəyərlərinə uyğun gəlmir. Beynəlxalq hüququn prinsiplərinin pozulmasına yönələn bu təcavüz qətiyyətlə qınanmalı və pislənilməlidir.

Təqdimat zamanı Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti, pandemiya zamanı Azərbaycan hökumətinin gördüyü kompleks tədbirlər diqqətə çatdırılıb. Mövcud vəziyyətdə ölkədə iqtisadi sabitliyin saxlanılması, əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin təminatı yönümündə zəruri addımların atıldığı vurğulanıb. BNA-nın COVID-19-la mübarizə istiqamətində tədbirlər, o cümlədən təhlükəsizlik, ictimai nəqliyyat əməliyyatları, pandemiyanın təsirləri, post-pandemik əməliyyatlar barədə ətraflı məlumat verilib.

UITP Baş Katibi Məhəmməd Mezqani Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə keçirilən görüşün əhəmiyyətini vurğulayıb. Görüşün səmərəli nəticələr verəcəyini qeyd edən Baş katib COVID-19-un ictimai nəqliyyat sektoruna təsiri mövzusunda fikirlərini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti