Bakı. Elçin Mehdiyev – Trend:
“Azernews” qəzetinin 13 yanvar tarixli sayında “Azərbaycan müharibədən sonrakı dirçəliş dövrünə böyük həvəslə daxil olur” başlıqlı yazı çap olunub.
Trend-in məlumatına görə, yazıda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərindən, müharibədən sonra ölkənin dirçəliş dövründə görəcəyi genişmiqyaslı işlərdən bəhs olunur.
Məqalədə Azərbaycanın hər səviyyədə imkanlarını səfərbər edərək regionun inkişafına öz töhfəsini vermək əzmi və potensialı təhlil edilir. Dağlıq Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə yol nəqliyyat strukturu, iqtisadiyyat, kənd təsərrüfatı, turizm, metallurgiya sənayesi və bir çox basqa sahələrin bərpası və inkişaf etdirilməsi üzrə işlərin mahiyyəti məqalədə öz əksini tapıb.
Qeyd olunub ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ölkənin və ümumilikdə regionun inkişafı üçün yeni imkanlar açır. Ötən il dünya tarixinə koronavirus pandemiyası ilə düşməsinə baxmayaraq, Azərbaycan üçün olduqca dinamik və uğurlu bir il oldu.
Məqalədə bildirilib ki, Prezidentin tapşırığı ilə Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yeni yolların, o cümlədən Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolunun çəkilməsinə başlayıb. Bundan əlavə Füzulidən Zəngilana, oradan isə Qubadlı və Laçına yol çəkiləcək. Bundan əlavə Laçın və ya Kəlbəcərdə, həmçinin beynəlxalq hava limanın tikintisi nəzərdə tutulur. İki beynəlxalq hava limanının tikintisi işğaldan azad edilmiş ərazilərin sürətli bərpasına, məhsulların tanınmasına və turizm sektorunun inkişaf etməsinə şərait yaradacaq.
Həmçinin Horadiz-Füzuli, Füzuli-Şuşa, Horadiz-Ağbənd dəmir yolları tikiləcək ki, bu da Naxçıvan koridorunun açılması üçün xüsusi əhəmiyyət kəsb edir.
Məqalədə həmçinin qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı istiqamətində genişmiqyaslı planlar mövcuddur. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji resursları, metallurgiya sənayesi, kənd təsərrüfatının inkişafı üçün geniş potensial var və bu imkanlardan istifadə edilməsi üçün planlar qurulur.