Bakı. Trend:
Ölkəmizin filiz ehtiyatları ilə zəngin olması iqtisadiyyatın bir sıra sahələrinin, xüsusən qeyri-neft sektoruna daxil olan ağır sənaye, əlvan metallurgiya, tikinti sənayesinin inkişafına və dəyər zəncirinin formalaşmasına imkan verir.
Təbii resursların müasir texnologiyaların tətbiqi ilə hasil edilməsi sənaye sahələrinin daha da dərinləşməsinə və geniş spektrli rəqabət qabiliyyətli məhsulların istehsalına şərait yaradır.
Bu baxımdan “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən bir sıra strateji layihələr həyata keçirilməkdədir. Həmin layihələr sırasında Daşkəsən rayonunda yerləşən və uzun müddət istifadəsiz qalmış Zəylik Alunit mədənində hasilatın başlanması, daha sonra alunitdən gil-torpağın istehsal edilməsi layihəsi alüminium sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Daşkəsən Zəylik Alunit Mədənində alunit filiz ehtiyatlarının qiymətləndirilməsi, müasir zənginləşdirmə texnologiyasından istifadə etməklə filizin çıxarılması və daha sonra növbəti proseslərin icrasının təmin olunması üçün tender keçirilmişdir. Tender üzrə texniki şərtlərin hazırlanması və eyni zamanda iddiaçılar üzrə qiymətləndirilmənin aparılması məqsədilə dövlət qurumlarının nümayəndələrindən, eləcə də bu sahə üzrə tanınmış xarici və yerli mütəxəssislərdən ibarət Ekspertlər Şurası yaradılmışdır. Ekspertlər Şurasının rəyinə əsasən Böyük Britaniyanın bu sahədə ixtisaslaşmış “MICON International Co.Limited” şirkəti qalib seçilmiş və Korporasiya ilə həmin şirkət arasında müqavilə imzalanmışdır.
“MICON” şirkəti 1988-ci ildə təsis edilmişdir və mədənçilik üzrə 30 ildən çox beynəlxalq təcrübəyə malikdir. Şirkətin Amerika Birləşmiş Ştatları, Rusiya, İspaniya və digər ölkələrdə, o cümlədən Azərbaycanda təbii ehtiyatların qiymətləndirilməsi, araşdırılması, texniki əsaslandırmaların hazırlanmasına dair geniş təcrübəsi vardır. “MICON” ilə imzalanmış müqavilə çərçivəsində geoloji kəşfiyyat işlərinin aparılması, laboratoriya və ilkin sənaye sınaqları üçün nümunələrin hazırlanması, təhlillərin işlənilməsi və son nəticədə beynəlxalq JORC (2012) standartlarına uyğun mədən ehtiyatlarının təsdiqlənməsi nəzərdə tutulmuşdur. Aparılacaq geoloji işlərin nəticələrinə və tender şərtlərinə əsasən növbəti mərhələlərdə sənaye sınaqlarının aparılması və texniki-iqtisadi əsaslandırma üzrə işlərin həyata keçirilməsi müəyyən olunacaqdır.
Müasir zənginləşdirmə texnologiyalarından istifadə etməklə mədəndə olan filizlərin hasilatı və alunitdən alüminium istehsalında əsas rol oynayan gil-torpağın əldə olunması ölkəyə idxal olunan gil-torpaq həcmini azaltmaqla yanaşı, yeni ixrac imkanlarının yaradılmasına imkan verəcəkdir. Eyni zamanda, mədəndə hasilatın başlanması nəticəsində əldə olunan alunitdən növbəti proseslərdən keçərək kənd təsərrüfatında istifadə olunan kalium sulfat gübrəsi, kimya, tibb sahəsində istifadə olunan elementar kükürd və digər maddələrin alınması iqtisadi baxımdan mühüm fayda verə bilər.
Qeyd olunanları nəzərə alaraq, Korporasiya tərəfindən həyata keçirilən layihələr arasında mühüm yer tutan Zəylik Alunit mədəninin qiymətləndirilməsi, texniki-iqtisadi nəticələrdən asılı olaraq alunitin aluminium istehsalında xammal kimi istifadə olunması və aluminium sənayesinin hər tərəfli inkişafı qarşıya qoyulmuş əsas hədəflərdən biridir.