...

2022-ci ildə Avropa-Qafqaz-Asiya dəhlizi çərçivəsində yeni pilot layihə işə salınacaq - TRACECA (MÜSAHİBƏ) (FOTO/VİDEO)

İqtisadiyyat 24 Yanvar 2022 09:19
2022-ci ildə Avropa-Qafqaz-Asiya dəhlizi çərçivəsində yeni pilot layihə işə salınacaq - TRACECA (MÜSAHİBƏ) (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ildə TRACECA Hökumətlərarası Komissiyasının Daimi katibliyi 2018-2021-ci illər üçün nəqliyyat dəhlizinin strategiya planının icrası barədə hesabatı qəbul edib və 2022-2026-cı illər üçün fəaliyyət planını təsdiqləyib.

Bunu Trend-ə müsahibəsində TRACECA-nın Hökumətlərarası Komissiyası Daimi katibliyinin daimi nümayəndəsi (milli katib) Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində işçi qrupların iclasları keçirilib, konsepsiya təqdim olunub.

“Bu iclaslarda ümumilikdə 16 məsələyə baxılıb və həll olunub. Eyni zamanda, vacib layihələr sırasına TRACECA dəhlizinin rəqəmsallaşdırılması konsepsiyası, 2030-cu ilədək konteyner daşımalarının inkişaf konsepsiyası, vahid tranzit icazəsi sənədi və bir sıra digər sənədləri əlavə etmək olar. Bu islahatlar çərçivəsində hökumətlərarası komissiyaların keçirilməsi prosedurları, daxili reqlament və Daimi katibliyin strukturu dəyişdirilib”, - deyə o bildirib.

R.Bayramov qeyd edib ki, TRACECA və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) nəqliyyat prosedurlarının uyğunlaşdırılması sahəsində vahid tədbirlər və yanaşmalar hazırlayır.

“Biz artıq rəqəmsallaşma sahəsində müvafiq konsepsiya qəbul etmişik. Bu, elektron sənədlərin istifadəsinin çoxlu amillərini, vahid rəqəmsal platformanın yaradılmasını əhatə edir. Bu platforma məlumat mübadiləsi aparmağa, rəqəmsal ekosistem yaratmağa imkan verəcək və bu çərçivədə maraqlı tərəflər məlumatı dəqiqləşdirə və TRACECA dəhlizi ilə yüklərin daşınması prosesini sürətləndirə biləcək. Bundan başqa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin iştirakı ilə e-TIR (vahid tranzit icazəsi) layihəsinin tətbiqi planlaşdırılır. İlk dəfə TRACECA-nın altı üzv ölkəsi, o cümlədən, Azərbaycan e-TIR layihəsini sınaq rejimində tətbiq edir. Azərbaycan onu İranla birgə tətbiq edib. Bundan başqa, bu sistem Mərkəzi Asiya ölkələrində, Özbəkistan, Tacikistan və Qazaxıstan arasında tətbiq olunub. Bu kontekstdə, həmçinin vahid tranzit icazəsi barədə müqaviləni xatırlatmaq istərdim. Bütün bu sistemlər elektron şəkildə tətbiq olunduqda sərhədlərin keçilməsi prosesini sadələşdirməyə imkan verəcək. Əgər bu gün yükdaşıyıcıya Tacikistandan Türkiyəyə yük daşımaq üçün dörd icazə lazımdırsa, bu müqavilənin tətbiqindən sonra bir elektron sənəd istifadə olunacaq”, - R.Bayramov deyib.

Milli katib bildirib ki, 2022-ci ilin birinci rübündə Avropa-Qafqaz-Asiya dəhlizi üzrə yerüstü yük tranziti üçün “Trade Lanes” (qlobal tranzit sənədi) layihəsini tətbiq etmək planlaşdırılır.

“Yüklərin pilot nəqlini təşkil etmək planlaşdırılır. Bu təşəbbüs Beynəlxalq Nəqliyyat Diplomatiyası Mərkəzi tərəfindən Beynəlxalq Yol İşçiləri İttifaqı və IBM korporasiyası ilə birgə hazırlanıb. Layihə qlobal tranzit sənədin hazırlanmasına yönəlib. Bu sənəd mövcud elektron infrastrukturun və milli gömrük sisteminin istifadəsi ilə konteyner yükdaşımalarını maneəsiz həyata keçirməyə imkan verəcək. Qeyd etmək lazımdır ki, bu sistemi artıq bu prosesin iştirakçısı olan “Maersk” şirkəti tətbiq edir. Bu gün “Trade Lanes” layihəsi dəniz yükdaşımalarında tətbiq olunur. İlk pilot yerüstü tranzit gələcəkdə Avropa-Qafqaz-Asiya dəhlizi ilə keçməklə TRACECA ilə razılaşdırılıb. Mərkəzi Asiya ölkələri, Azərbaycan və Gürcüstanın ilkin razılığı var. Biz artıq bu layihənin tətbiqi ilə bağlı tədbirlər planı hazırlamışıq və 2022-ci ilin birinci rübündə ilk pilot yerüstü tranziti həyata keçirəcəyimizi proqnozlaşdırırıq”, - deyə o bildirib.

Əlavə edib ki, TRACECA dəhlizi çərçivəsində tədarük zəncirinin bərpası, hər hansı problemin həlli və boşluqların aradan qaldırılması fasiləsiz prosesdir.

“Bu gün bizim əsas məqsəd və tapşırığımız Avropa, Qafqaz və Asiya ölkələri arasında ticarət və nəqliyyat daşımaları prosesinin sadələşdirilməsidir. Avropa-Qafqaz-Asiya dəhlizinin fəaliyyətində əsas boşluq kimi pandemiya dövründə TRACECA üzv ölkələlərinin sərhədlərindən yüklərin keçməsinə tələblər və prosedurları göstərmək olar. Bu problemin həlli məqsədilə ÜST koronavirus pandemiyası barədə elan etdikdən bir ay sonra TRACECA Hökumətlərarası Komissiyası Daimi katibliyi sərhədi keçmək prosedurlarının uyğunlaşdırılması üzrə tövsiyələr və icmal hazırladı. Bütün bu tövsiyələr dəhlizin üzv ölkələri tərəfindən tətbiq edilib. Ötən il TRACECA ölkələri arasına yük dövriyyəsi təxminən 58 milyon ton təşkil edib. Yüklərin 70 faizi neft məhsullarının payına düşüb”, - R.Bayramov deyib.

O qeyd edib ki, TRACECA dəhlizi Avropa ilə Asiya, Çin iqtisadiyyatı ilə Avropa arasında körpü olmağı hədəfləyir. Daimi katiblikdə isə əsas diqqət konteynerləşməyə, rəqəmsal texnologiyaların tətbiqinə, sərhədləri keçmək prosedurlarının sadələşdirilməsi və sürətlənməsinə yönəldilib.

“Başa düşmək lazımdır ki, dəhlizimizin coğrafiyası çox genişdir, TRACECA dəhlizi 5-6 min kilometrədək uzanır, və hansısa sahələrdə proseslər təbii amillərlə əlaqədar ləngiyir. Məsələn, Qırğızıstan və Tacikistanda dağlarla əlaqədar yol infrastrukturu mürəkkəbdir. Xəzəryanı ölkələrdə dəniz yükdaşımaları bəzən hava şəraiti ilə əlaqədar ləngiyir. Biz müxtəlif növ daşımaların işini daha çox uyğunlaşdırdıqca, nəqliyyat dəhlizində daha çox xidmətlər göstəriləcək və yüklərin daha sürətlə daşınması təmin olunacaq”, - deyə o bildirib.

R.Bayramov vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında daha qısa marşrutun olması tərəflərə 15 milyard dollarlıq ticarət dövriyyəsinə daha tez çatmağa və Azərbaycan iqtisadiyyatına daha çox investisiyanın cəlb olunmasına imkan verəcək.

“Bu, həm də onminlərlə yeni iş yerinin açılmasını təmin edəcək ki, bu da azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası üçün vacibdir. Bu gün Azərbaycanla Türkiyəni əlaqələndirən yeganə yerüstü marşrut Bakı-Tbilisi-Qars dəhlizidir. Bu marşrut ölkəmizin tələblərini tam ödəyir və qarşıya qoyulan tapşırıqları yerinə yetirir. Amma Türkiyənin cənubunu Naxçıvanla və Azərbaycanla birləşdirəcək daha qısa marşrutun olması Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında ticarəti genişləndirməyə imkan verəcək. Bu gün Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 15 milyard dollaradək artırılması hədəflənir. Bu dəhlizin mövcudluğu həmin göstəriciyə daha tez çatmağa imkan verəcək”, - R.Bayramov deyib.

O əlavə edib ki, TRACECA Hökumətlərarası Komissiyası Daimi katibliyi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafında maksimum obyektiv olmağa çalışır.

“Nəzərə alsaq ki, avtomobil sektoru bütün daşıma növləri arasında ən liberalıdır, biz bu növə xüsusi diqqət ayırmağa və özəl daşıyıcılara kömək etməyə çalışırıq. Dəmiryol və dəniz daşımaları sahəsində beynəlxalq konvensiyaların və artıq oturuşmuş marşrutların olmasına baxmayaraq, bu növ daşımalarda təkmilləşdirmə və vahid hüquqi sənədlərin yaradılması üzrə işlər aparılır. Məsələn, Türkiyə TRACECA üzvü olaraq dəmiryol yük daşımalarında Beynəlxalq dəmiryol əlaqəsi qaiməsi sistemini, bəzi üzv ölkələr isə Beynəlxalq dəmiryol yük daşımaları sazişi sistemini tətbiq edir. Ona görə də sərhədləri keçərkən sənədləri yenidən rəsmiləşdirmək, əlavə vaxt sərf etmək lazım gəlir. Bütün növ nəqliyyat üçün vahid sənəd bazası yaratmaq lazımdır”, - R.Bayramov vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti