...

“Equinor” Azərbaycanı dünya səviyyəli neft və qaz mənbəyi kimi görür - İcraçı vitse-prezident (ÖZƏL MÜSAHİBƏ) (VİDEO)

İqtisadiyyat Materials 2 Fevral 2022 08:02 (UTC +04:00)

Bakı. Ləman Zeynalova – Trend:

Norveçin “Equinor” şirkəti Azərbaycanı dünya səviyyəli neft və qaz mənbəyi kimi görür.

Bunu Trend-ə özəl müsahibəsində şirkətin kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti El Kuk deyib.

“Mən gələcəyə diqqət yönəltmək məqsədilə bu həftə Azərbaycandayam. Biz 30 il ərzində Azərbaycanda iki nəhəng yatağın - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”in işlənməsi ilə məşğul olmuşuq. Biz Azərbaycanın gələcəyinə baxarkən, onu dünya səviyyəli neft və qaz mənbəyi kimi görürük. Biz tərəfdaşımız olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə Azərbaycan dövləti ilə birlikdə dəyər yaratmaq üçün bu ehtiyatların işlənməsində rol oynamaq istəyirik”, - deyə o bildirib.

E.Kuk qeyd edib ki, gələcəkdə işlənən yataqlar həcminə görə keçmiş yataqlardan daha kiçik ola bilər.

“Biz bu kiçik yataqların işlənməsində birlikdə daha çevik, ağıllı və sürətlə işləməliyik. Böyük yataqlarda istehsal azalanda belə, kiçik yataqların işlənməsindən, bu ölkəyə gəlir və zənginlik gətirəcəyindən əmin olmalıyıq”, - o deyib.

İcraçı vitse-prezident əlavə edib ki, “Equinor” kəşfiyyat üçün dünya səviyyəli ölkə qismində Azərbaycana inanır.

"“Equinor” dünyanın ən böyük tədqiqatçılarından biridir və biz bununla qürur duyuruq. Bu il biz bütün dünyada 30-dan çox kəşfiyyat quyusu qazacağıq. Biz həm də onunla fəxr edirik ki, bir neçə il əvvəl “Qarabağ” yatağında Azərbaycanda 20 il ərzində ilk neft yatağı kəşf etdik. İndi isə deyirik: “Biz bu kəşfi etdik, bu sistemlərin necə işlədiyini müəyyən etdik. Bu bilikləri gələcək tədqiqatlarda necə istifadə edə bilərik? SOCAR və "Equinor"un birgə sahib olduğu ərazilərdə daha çox bu cür yataq necə tapa bilərik?”. Bunlar real hədəfdir. Biz kəşfiyyat və yataqların işlənməsində necə irəliləyəcəyimizi görmək üçün birgə işləyirik”, - E.Kuk deyib.

Enerji keçidi sahəsində əməkdaşlıq perspektivlərindən danışan E.Kuk ötən ilin noyabrında Qlazqoda keçirilmiş COP26 iqlim sammiti çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşünü xatırladıb.

“Hesab edirəm ki, Azərbaycan və “Equinor” neft və qaz hasilatına məsuliyyətli yanaşma sərgiləyir. Biz başa düşürük ki, dünya yaxın onilliklərdə də neft və qaza ehtiyac duyacaq. Eyni zamanda, biz onu da başa düşürük ki, həmin nefti və qazı daha az tullantılarla hasil etməliyik. Biz neft-qaz əməliyyatlarının enerji səmərəliliyinin artırılması yollarını tapmaq üçün buradakı tərəfdaşlarımızla işləyirik”, - deyə o bildirib.

E.Kuk hesab edir ki, neft və qaz barədə istənilən müzakirə neft və qaz çərçivəsindən kənar gələcəyi diqqətə almalıdır.

“Biz “Equinor”da qürur duyuruq ki, bu keçidin önündə dayanmışıq. Biz neft-qaz çərçivəsindən çıxmaq üçün bütün dünyada külək, günəş və hidroghen elektrik stansiyaları qururuq. Beləliklə, biz neft və qazın yaxın onilliklərdə dünyanın enerji ilə təmin olunmasında vacib rolunu qəbul etməklə yanaşı, bərpa olunan enerji mənbələrinin dünyanı enerji ilə təmin edəcəyi vaxtı səbirsizliklə gözləyirik”, - o deyib.

O qeyd edib ki, “Equinor” Azərbaycanın inkişafı müddətində onun tərəfdaşı olub və bu, 30 illik heyrətamiz yol olub.

“Bu ölkədə təbii ehtiyatlardan yaradılan dəyəri görmək inanılmazdır. “Equinor” bu prosesin tərkib hissəsi olmaqdan qürur duyur. Biz Xəzər dənizində nəhəng “Azəri-Çıraq-Günəşli” yatağının səhmdarıyıq. 30 il əvvələ baxanda deyə bilərəm ki, bizim uğurumuzun səbəbi Azərbaycanın investorlara verdiyi vədlərini yerinə yetirməsi və investorların öz növbəsində təbii ehtiyatların işlənməsində öz vədlərini icra etməsidir. Bu, uğurun tarixçəsidir. Ötən il dekabrın sonunadək Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bazarlara 500 milyon ton neft tədarük edilib. Biz bunu dünyanın daha çox enerjiyə ehtiyacı olduğu bir zamanda etdik”, - deyə E.Kuk vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti