...

Avropa-Qafqaz-Asiya dəhlizinin Azərbaycan hissəsi boyunca konteyner yüklərinin əhəmiyyətli artımı gözlənilir - TRACECA-nın Milli Katibi (Müsahibə) (FOTO/VİDEO)

İqtisadiyyat Materials 7 İyun 2022 08:00 (UTC +04:00)
Avropa-Qafqaz-Asiya dəhlizinin Azərbaycan hissəsi boyunca konteyner yüklərinin əhəmiyyətli artımı gözlənilir - TRACECA-nın Milli Katibi (Müsahibə) (FOTO/VİDEO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın nəqliyyat infrastrukturu tranzit yük axınının kəskin artmasına hazırdır.

Bunu Trend-ə müsahibəsində TRACECA Hökumətlərarası Komissiyasının (PS IGC) Daimi Katibliyinin milli katibi Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, TRACECA hazırkı geosiyasi şəraitdə 2022-ci ildə Çindən Avropaya və əks istiqamətdə Azərbaycan ərazisi ilə konteyner yükdaşımalarının əvvəlki illərlə müqayisədə 3-5 dəfə artacağını proqnozlaşdırır.

Bayramov qeyd edib ki, bu gün Azərbaycanın nəqliyyat infrastrukturunun potensialından hələ tam istifadə olunmur.

"Məsələn, Bakı Beynəlxalq Dəniz Limanı ötən il təxminən beş milyon ton yük daşıyıb, onun infrastrukturu isə 15 milyon tona qədər, o cümlədən 100 min TEU konteynerini qəbul etməyə imkan verir. Buna baxmayaraq, limanın ötürmə qabiliyyətinin 25 milyon ton yük və 500 min TEU konteynerə qədər genişləndirilməsinin ikinci mərhələsinə başlanılıb. İnfrastrukturun genişləndirilməsi üzrə işlər yükdaşımaların artımına uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək", - deyə Bayramov bildirib.

O vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kommunikasiyaların açılması Azərbaycan ərazisindən yük axınının cəlb olunmasına kömək edəcək.

“Zəngəzur dəhlizi ölkəmizə təkcə Naxçıvanla əlaqə yaratmaq üçün deyil, həm də Avropadan Mərkəzi Asiya və Çinə və əks istiqamətdə yeni yük axınları üçün geniş imkanlar açır”, - Bayramov bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində sistemli iş aparılır.

"Avtomobil yolları tikilir, beynəlxalq yükdaşımalarda iştirak edən dəmir yolları və limanların imkanları genişlənir. Azərbaycanın nəqliyyat infrastrukturu yük axınının kəskin artmasına hazırdır", - Bayramov əlavə edib.

Onun sözlərinə görə, tariflərin unifikasiyası üzrə danışıqlar həm TRACECA-ya üzv ölkələr, həm də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR, Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan) çərçivəsində aparılır.

"Gömrük strukturları çərçivəsində işçi qrupunun yaradılması istiqamətində fəal iş aparılır. Tariflərlə yanaşı, gömrük prosedurlarının uyğunlaşdırılması da mühüm məsələdir. Bundan əlavə, vergitutma bazasının və yığımların uyğunlaşdırılması istiqamətində işlər aparılır. Həm tariflərin optimallaşdırılması, həm də əlavə tranzit yüklərin cəlb edilməsi gözlənilir”, - deyə Bayramov bildirib.

Bundan əlavə, o qeyd edib ki, Türkmənistan TRACECA-ya qoşulmaqda maraqlıdır.

"Bu gün Türkmənistan tərəfi TRACECA-ya qoşulma məsələlərini ciddi şəkildə nəzərdən keçirir. Hesab edirəm ki, Türkmənistanın TRASEKA-ya daxil olması nəqliyyat dəhlizinin inkişafına, ölkənin özünə və Türkmənistanla Avropanı birləşdirən ən mühüm bənd kimi Azərbaycanın inkişafına müsbət təsir göstərəcək. Vurğulamaq istəyirəm ki, istənilən ölkənin TRACECA-ya qoşulması müddəti bütün üzv dövlətlər tərəfindən bəyənilərsə, təxminən 2-3 aydır”, - deyə Bayramov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti