...

“PAŞA Bank” “Azercell Telekom” ilə birgə Azərbaycanın mobil maliyyə xidmətləri bazarının inkişafına töhfə verir

İqtisadiyyat Materials 25 İyul 2022 10:13 (UTC +04:00)
“PAŞA Bank” “Azercell Telekom” ilə birgə Azərbaycanın mobil maliyyə xidmətləri bazarının inkişafına töhfə verir

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” ölkədə nağdsız ödənişlərin təşviq olunmasına töhfə verən təşəbbüslər üzərində çalışmağa davam edir. Belə ki, “PAŞA Bank”, “Azercell Telekom” tərəfindən istifadəyə verilən rəqəmsal kart layihəsinin əsas təminatçısı və tərəfdaşı qismində çıxış edir. Eyni zamanda “Visa” ödəniş sistemləri və “AzİnTelecom” şirkəti layihənin digər tərəfdaşları sırasındadırlar.

Beləliklə, Azərbaycanda ilk dəfə olaraq telekommunikasiya şirkəti ödəniş xidmətləri təklif edərək nağdsız ödənişlərə töhfə verəcəkdir. Belə ki, “Azercell Telekom”un yenilənmiş “Kabinetim” mobil tətbiqi üzərindən təqdim edilən bu məhsul vasitəsilə bütün elektron ticarət obyektlərində nağdsız ödənişləri daha rahat və çevik şəkildə həyata keçirmək, həmçinin hesabı artırmaq mümkün olacaq. Bu unikal rəqəmsal məhsul üzrə kartların yaradılması və idarə olunması açıq bankçılıq funksionallığına əsaslanır. Bu məhsulda “PAŞA Bank” kart əməliyyatlarının icrası üzrə təminatçı qismində çıxış edir.

“PAŞA Bank”ın idarə heyətinin üzvü Cəlal Orucovun sözlərinə görə, artıq müştərilər bizneslərin fəaliyyət sahəsindən asılı olmayaraq daha çox onlayn imkanların təqdim olunmasını istəyir və hətta tələb edirlər.

“Sürətlə dəyişən dünya müştərilərin ehtiyaclarını da birmənalı şəkildə dəyişir. Bu isə, müştərilər üçün fərqli və daha rahat formatda bank xidmətləri təklif edə bilən yeni “fintech” startaplarının yaranmasına təkan vermiş olur. Belə bir dövrdə biz, müxtəlif sahibkarlıq sahələri arasında əlaqələndirici olaraq bazara ən müasir məhsullar və rəqəmsal həllər təklif etməyi hədəfləyirik. “Azercell Telekom” ilə tərəfdaşlıqda ərsəyə gələn rəqəmsal kart layihəsi də bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdəndir. İnanıram ki, ölkəmizdə sahələrarası əməkdaşlıqlar daha da genişlənəcək və Azərbaycanın tərəqqisinə əhəmiyyətli töhfə verəcəkdir”, - deyə Cəlal Orucov vurğulayıb.

“PAŞA Bank” 15 illik fəaliyyəti boyunca bizneslərin etibarlı tərəfdaşı olaraq müştərilərin artan ehtiyaclarının öncədən təyin edilməsinə, onların ehtiyaclarına uyğun şəkildə hazırlanmış məhsul və xidmətlər dəstinin təklif olunmasına xüsusi önəm verib. Bununla da Bank, biznes proseslərini sadələşdirməkdə, sahibkarlara zamanlarına qənaət etməkdə, bütün diqqəti bizneslərinin inkişafına yönəltməkdə yardımçı olmağı və bu istiqamətdə fəaliyyətini genişləndirməyi hədəfləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti