...

ARDNF-dən Latviyanın qaz treyderinin səhmlərinin əldə edilməsi imkanları ilə bağlı

İqtisadiyyat Materials 27 Dekabr 2022 17:11 (UTC +04:00)
açıqlama
ARDNF-dən Latviyanın qaz treyderinin səhmlərinin əldə edilməsi imkanları ilə bağlı

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hər hansı bir şirkətin səhmlərinə birbaşa investisiyalar planlaşdırmır.

Bu barədə Fonddan Trend-in Latviyanın “Latvijas Gaze” şirkətinin səhmlərinin əldə edilməsinin mümkünlüyü ilə bağlı sualına cavab olaraq bildiriblər.

Bundan əvvəl bəzi KİV Azərbaycanın Latviyanın ən böyük təbii qaz treyderi olan “Latvijas Gaze” şirkətinin səhmdarlarından birinə çevriləcəyi barədə məlumat yayıb. Şirkət Latviya, Litva və Estoniyadakı biznes müştərilərinə təbii qazın topdan və pərakəndə satışını həyata keçirir. “Latvijas Gaze” 2020-ci il yanvarın 1-dən Finlandiyada təbii qaz ticarətinə başlayıb.

“Bildirmək istərdik ki, 2012-ci ildən etibarən qüvvəyə minmiş yeni investisiya siyasətinə əsasən ARDNF-nin investisiya portfelinə səhmlər də daxil olmaqla yeni aktivlər daxil edilməyə başlanılmışdır. Sözügedən strategiyanın həyata keçirilməsində əsas hədəf ARDNF-nin investisiya portfelinin müxtəlif maliyyə alətləri üzrə diversifikasiyası və gəlirliliyinin artırılması olub”, - deyə Fonddan bildirilib.

Qeyd olunub ki, sözügedən investisiya siyasətinə əsasən uzunmüddətli dövr üzrə investisiya portfelinin məcmu dəyərinin 50%-i borc öhdəlikləri və pul bazarları alətlərinə, 25%-i səhm, 10%-i qızıl və 15%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.

“Əlavə olaraq diqqətinizə çatdırmaq istərdik ki, səhm portfeli səhm indeksləri çərçivəsində birjada kotirovka olunan səhmlərdən və özəl səhm investisiyalarından ibarətdir. Nəzərinizə çatdıraq ki, 2022-ci ilin 3-cü rübünün sonuna ARDNF-nin səhm portfeli məcmu investisiya portfelinin 18.7 %-ni təşkil etmişdir. Sözügedən portfelə daxil olan indekslər isə 24 ölkəni və 1 500-dan çox iri şirkətləri əhatə edən, daha çox diversifikasiya olunmuş və bu şirkətlərin səhmlərinin bazar dəyərlərinə uyğun şəkildə təmsil olunduğu indekslərdir. Əlavə olaraq qeyd etmək istərdik ki, hal-hazırda hər hansı bir şirkətin səhmlərinə birbaşa investisiyalar nəzərdə tutulmur”, - deyə açıqlama qeyd edilib.

Tvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti