...

Cənub Qaz Dəhlizi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirən beynəlxalq enerji layihəsidir - Vüqar Rəhimzadə

İqtisadiyyat Materials 3 Fevral 2023 15:41 (UTC +04:00)
Cənub Qaz Dəhlizi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirən beynəlxalq enerji layihəsidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan Avropaya yaşıl enerji ixracında da əsas dövlətlərdən biri olacaq

Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə dünyanın diqqətindədir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr etməklə tərəfdaşların coğrafiyasının genişlənməsində öz sözünü deyir. Bu fikir Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərin rəsmiləri tərəfindən xüsusi qeyd edilir ki, Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır. Azərbaycanla Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu mövcuddur. Mövcud geosiyasi dəyişikliklər fonunda enerji təhlükəsizliyinin təminatına ehtiyacın daha da artdığı hazırkı dövrdə yeni enerji marşrutlarının müəyyənləşdirilməsinə, mövcud potensialın ortaya qoyulmasına zərurət duyulur. Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən dövlət başçısı İlham Əliyev VIII iclasdan ötən dövr ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, dünyanın enerji təhlükəsizliyinə töhfələrindən geniş bəhs etdi. Onu da qeyd edək ki, ki, tədbirlərdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunur.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə bildirib ki, ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin toplantısında ötən ildə görülən işlərə yekun vurulur, qarşıdakı dövrün prioritetləri açıqlanır: “Nəzərə alsaq ki, hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır, bu halda IX toplantının əhəmiyyəti, özündə ehtiva etdiyi çağırışlar daha aydın görünür. Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısına çevrilir. Bir mühüm məqamı da qeyd edək ki, Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu sahədə mövcud imkanlarımız Qarabağın və Şərqi Zəngəzurun tezliklə yaşıl enerji mərkəzinə çevriləcəyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyev ölkəmizin bu sahədə böyük imkanlara malik olduğunu statistik rəqəmlər əsasında diqqətə çatdırıb.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti dövlət başçısı İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında söylədiyi “Enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir” fikirlərinə yönəldərək bildirib ki, Azərbaycanın hər bir hədəfə çatması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizin enerji diplomatiyasının uğurları beynəlxalq səviyyədə də təqdir edilir. Bu inam ifadə olunur ki, Azərbaycan gələcəkdə də Cənub Qaz Dəhlizi kimi layihələri irəli sürəcək və uğurlu sonluqla başa çatmasına nail olacaq. İki il bundan öncə Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanı Avropa İttifaqının etibarlı enerji tərəfdaşına çevirməklə yanaşı ölkəmizin geosiyasi mövqeyini də gücləndirdi.

Vüqar Rəhimzadə VIII toplantıdan ötən dövr ərzində imzalanan iki mühüm sənədi xüsusi qeyd edib: “Ötən il iyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə birgə “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”, dekabrın 17-də isə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Həmin mərasimdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu əminliyi ifadə etdi ki, bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək.”

“Azərbaycanın iştirakı ilə Avropaya istiqamətlənən enerji körpüləri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun aydın ifadəsidir. Sözügedən tədbirdə iştirak edən, Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Rumıniya Prezidenti Klaus Yohannis dövlət başçısı İlham Əliyev ilə fevralın 2-də mətbuata bəyanatında bu reallığı bir daha diqqətə çatdırdı ki, Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Bununla yanaşı, Rumıniya Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıb. Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Azərbaycanın beynəlxalq mövqeyinə işıq salan bu kimi fikirlər bird aha təsdiqləyir ki, ölkəmizin siyasəti əməkdaşlığa heesablanıb. Yeni dostların, tərəfdaşların qazanılması əsasında gündəmə gətirilən layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Dövlət başçısı İlham Əliyev bu hədəfi də açıqladı ki, 2027-ci ilədək Avropaya öz qaz ixracımızı iki dəfə artırmağı planlaşdırmışıq. Bu, mümkündür, çünki resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız var”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlər, günün aktual mövzusu olan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan müzakirələr, həmçinin imzalanan sənədlər ölkəmizin beynəlxalq nüfuzunun təqdimatıdır. Rumıniyanın neft şirkəti “Romqaz” və SOCAR arasında imzalanan sazişə əsasən, 2023-2024-cü illərdə Buxarestə əlavə qaz nəql ediləcək. İmzalanan sənədlər Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək. Azərbaycan müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru atılan addımların əsas təşəbbüscüsü və iştirakçısı olmaqla söz sahibliyini nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti