Bakı. Trend:
Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə yük daşımaları 2022-ci ildə 51,420 milyon tondan artıq olub ki, bu da 2021-ci ildəkindən 29,76 faiz və ya 11,8 milyon ton çoxdur.
Bu gün Azərbaycan Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, qeyd olunan dövrdə TRACECA-nın Azərbaycan hissəsi ilə yük dövriyyəsi 12,649 milyard ton-kilometrdən artıq olub ki, bu da 2021-ci ilin göstəricisindən 31,9 faiz çoxdur.
2022-ci ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşımaları 27,967 milyon tonu keçməklə ümumi yük daşımalarının 54,4 faizini təşkil edib. Dəmir yolu ilə yükdaşıma 16,841 milyon ton (32,7 faiz), dəniz nəqliyyatı ilə daşınmalar 6,612 milyon ton (12,9 faiz) təşkil edib.
Ümumi yükdaşımaların 13,634 milyon tonu (26,5 faizi) isə tranzit yük daşımalarının payına düşüb.