Bakı. Trend:
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC Sənaye
Parkının 2 hektar ərazisində investisiya həcmi 44,4 milyon manat
olan ikinci şüşə tara məhsulları istehsalı müəssisəsi inşa
edəcək.
Trend xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan
Sumqayıt Kimya Sənaye Parkının rezidenti, şüşə tara məhsullarının
istehsalçısı “Glassica” QSC Sənaye Parkının ərazisində ikinci
analoji müəssisənin qurulması üzrə işlərə başlayıb.
Bununla əlaqədar olaraq şüşə əritmə texnologiyaları sahəsində 130 ildən çox təcrübəyə malik olan Almaniyanın “HORN Glass Industries AG” şirkəti ilə “Glassica” QSC arasında sənəd imzalanıb. Sənədə əsasən, alman şirkəti yeni yaradılacaq müəssisənin layihələndirilməsini həyata keçirəcək, müasir avadanlıq və texnologiyalarla təchiz edəcək.
İnvestisiya həcmi 44,4 milyon manat, illik istehsal gücü 160 ton
şüşə tara məhsulları olacaq müəssisədə 160 nəfər daimi işlə təmin
ediləcək. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda
satışı ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Qeyd: “Glassica” QSC-nin hazırda Sumqayıt Kimya Sənaye Parkında
fəaliyyət göstərən şüşə tara məhsulları istehsalı müəssisəsi ildə
50 ton məhsul istehsal etmək gücündədir. İstehsal edilən məhsullar
daxili bazara satılmaqla yanaşı, Moldova, Rumıniya və Gürcüstana
ixrac edilir.