Bakı. Trend:
Rusiya və Azərbaycan ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün böyük perspektivlərə malikdirlər.
Trend xəbər verir ki, bunu Rusiya Federasiyasının Ticarət-Sənaye Palatasının vitse-prezidenti Maksim Fateyev “Rusiya-Azərbaycan: Qarşılıqlı işgüzar fəaliyyət strategiyası, əməkdaşlıq və tərəfdaşlıq imkanları” mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, Rusiyanın bütün bölgələri Azərbaycanla qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlıdırlar.
"Hər şeydən öncə, Rusiya şirkətləri nəqliyyat, sənaye, gəmiqayırma, kənd təsərrüfatı və investisiyalar, həmçinin rəqəmsal transformasiya layihələri üzrə əməkdaşlığın gücləndirilməsində maraqlıdırlar", - o deyib.
M.Fateyevin fikrincə, iki ölkənin sahibkarlıq subyektlərinin maraqlılığı qarşılıqlı ticari-iqtisadi fəaliyyətin gələcək inkişafının böyük perspektivlərindən xəbər verir.
"Rusiya və Azərbaycan çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə davam edirlər və yaradılmış Rusiya-Azərbaycan İşgüzar Şurası inkişafın mühüm vasitəsidir", - o deyib.