Sofiya. Trend:
Enerji böhranının ən effektiv həlli Azərbaycan qazının Avropaya nəqlidir.
Trend xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Sofiyada Bulgartransgaz (Bolqarıstan), Transgaz (Rumıniya), FGSZ Macarıstan, EURSTREAM (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqinə dair anlaşma memorandumunun imzalanmasına həsr olunmuş mərasimdə deyib.
P.Siyarto Macarıstanın qaz infrastrukturunun Avropa üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib.
"Biz digər mənbələrdən asılıyıq, bu səbəbdən diversifikasiya bizim üçün vacibdir. Bizə əlavə resurslar lazımdır. Aİ-nin enerji böhranının ən yaxşı həlli yeni mənbələr, əlavə marşrutlardır. Şərqi Avropa üçün ən yaxşı çıxış yolu Azərbaycandan qaz tədarüküdür. Lakin bütün ölkələrin tələbatı mövcud imkanlardan çoxdur, bu səbəbdən infrastruktur qurulmalıdır. Biz investisiya qoymalıyıq. Aİ də bunu etməlidir, çünki Mərkəzi və Şərqi Avropanın problemləri ümumi Avropanın ümumi problemidir. Aİ-nin dəstəyi olmadan Azərbaycandan lazımi həcmdə qaz ala bilmərik. Gələn dəfə Türkiyəni də burada görmək istərdik", - P. Siyarto deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)