Dubay. Trend:
ABŞ ölkə tarixində böyük iqlim investisiyaları həyata keçirib.
Trend şənbə günü xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Kamala Harris BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində təşkil edilən Ümumdünya İqlim Fəaliyyəti Sammitində (COP28) deyib.
"İki il bundan əvvəl prezident Co Bayden öz ambisiyalarını bəyan edib. Həmin vaxtdan ABŞ ambisiyaları fəaliyyətə çevirir. Biz ölkəmizin tarixində iqlim sahəsində böyük investisiyalar həyata keçirmişik. Bəzilərinə görə, yaxın 10 il ərzində dünya təqdibən trilyon dollar əldə edəcək. Nəticədə bu gün bütün ABŞ ərazisində günəş, külək turbinləri, elektromobil və akkumulyator istehsal edən yüzlərlə zavod inşa etmişik və onları genişləndirməkdəyik. Təmiz enerjini ölkəmizin bütün guşələrinə çatdırmaq üçün minlərlə mil yüksək gərginlikli elektrik ötürmə xətləri çəkirik. Tullantıları təkcə energetika və nəqliyyatda deyil, həm də sənaye, kənd təsərrüfatı, binalar və inşaatda azaldırıq. Həmçinin, sahil xətlərimizi, su-bataqlıq hövzələrini və meşələri bərpa etmək, eləcə də icmaları iqlimin səbəb olduğu ekstremal hava şəraitinə qarşı daha dayanıqlı etmək üçün dayanıqlılığa və adaptasiyaya investisiya qoyuruq", - o deyib.
Harris ABŞ-nin bu sahədə beynəlxalq səylərin genişləndirilməsi baxımından öndə getdiyini qeyd edib.
"Təkcə bu il töhfələrimizi 9,5 milyard dollardan çox artırmışıq. Bu gün Yaşıl iqlim fonduna 3 milyard dollar yeni töhfə verdiyimizi qürur hissilə bildirirəm. Bu fond inkişaf etməkdə olan ölkələrin dayanıqlılıq, təmiz enerji və ekoloji həllərə investisiya qoymasına köməklik göstərir. Bu gün dünyanın bu böhranın öhdəsindən necə gələ biləcəyəyini və gəlməli olduğunu nümayiş etdiriril. Bu, kollektiv tədbirlərimiz üçün həlledici məqamdır. Qarşıda görməli olduğumuz hələ çox iş var. Gələcək tərəqqi dünya miqyasında mübarizə olmadan mümkün deyil. Bu tərəqqini ləngitməyə çalışanlar var. İqlim elmini inkar edən, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təxirə salan liderlər var", - o deyib.
Harris qlobal istiləşmənin 1,5 Selsi dərəcəsini keçməsinin qarşısını almaq üçün daha çox işlər görməyin vacib olduğunu bildirib.
(Tərcümə: Rəna Əbdürəhmanova)