Bakı. Trend:
Astana və Bakı Azərbaycan ərazisi vasitəsilə Qazaxıstandan "yaşıl" enerji ixracı layihəsini hazırlayır.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan-Qazaxıstan turizm forumunda deyib.
"Qazaxıstandan "yaşıl" enerjinin Azərbaycan ərazisi vasitəsilə ixracı üzrə layihə hazırlanır", - deyə səfir bildirib.
Səfirin sözlərinə görə, ölkələr arasında qarşılıqlı səmərəli sıx ticari-iqtisadi əməkdaşlıq qurulub.
Eyni zamanda Alim Bayel təkcə iki ölkə üçün deyil, həm də bütün region üçün mühüm rol oynayacaq (xüsusən Orta Dəhlizin əhəmiiyyəti) birgə layihələri qeyd edib.
Səfir həmçinin, turizm sahəsində əməkdaşlığa toxunub və statistik məlumatları təqdim edib.
"Ötən il Azərbaycana 58 min qazaxıstanlı turist gəlib. 2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana 38 mindən çox qazaxıstanlı turist səfər edib. Bütünlükdə Azərbaycana turist axınının artım dinamikasına görə Qazaxıstan Çin və Hindistandan sonra üçüncü yerdədir", - deyə o əlavə edib.
Xatırladaq ki, mayın 1-də Daşkənddə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına dair Əməkdaşlıq Memorandumu imzalayıb. Memorandumun əsasında "yaşıl" enerjinin Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan vasitəsilə Avropaya ixracı dayanır.
(Tərcümə: Rəna Əbdürəhmanova)