...

Azərbaycanın maliyyə sistemində bank olmayan kredit təşkilatlarının payı açıqlanıb

İqtisadiyyat Materials 23 Oktyabr 2024 16:13 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sistemindəki payı 1,6 faizdir.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktor müavini Ataxan Həsənov Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.

"Azərbaycanda bank olmayan kredit təşkilatlarının maliyyə sistemindəki payı 1,6 faiz təşkil edir. Buna baxmayaraq, məhz bu sektorda maliyyə sektorları arasında ən yüksək inkişaf dinamikası müşahidə olunur. Bu ilin 9 ayı ərzində BOKT-ların aktivləri 30 faiz artaraq, 980 milyon manata çatıb.

Mikromaliyyə təşkilatlarında müşahidə olunan belə yüksək artım dinamikası bir tərəfdən bu sahənin əhəmiyyətli inkişaf potensialını, digər tərəfdən isə bu sahədə risklərin idarə olunmasının aktuallığını göstərir", - o vurğulayıb.

A.Həsənov qeyd edib ki, mikromaliyyə təşkilatlarının maliyyə sistemindəki payı kiçik olduğuna görə, onları maliyyə sabitliyi baxımından sistem riskləri kimi qiymətləndirmək olmaz.

"Lakin bu təşkilatların spesifik fəaliyyəti onları müxtəlif çoxşaxəli risklərə məruz qoyur. Bu risklər arasında ən əhəmiyyətlisi maliyyə-kredit riskidir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti