Bakı. Trend:
BRİKS-in Kazan sammitinin yekun bəyannaməsi təşkilata üzv ölkələr arasında qarşılıqlı əlaqənin gücləndirilməsi və gələcək çağırışların öhdəsindən gəlmək üçün ümumi prinsiplərin yaradılması üçün mühüm addım olacaq.
Trend xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Əhməd bin Əli Əl Sayeq BRİKS sammitinin geniş tərkibdə iclasında çıxışı zamanı deyib.
"Prezident Vladimir Putinin sədrliyi ilə bugünkü görüşümüzün sonunda biz bir daha təsdiq edirik ki, qəbul ediləcək yekun bəyannamə ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsində, gələcək çağırışlara qarşı mübarizə aparmaq və ümumi məqsədlərimizə nail olmaq üçün hamılıqla qəbul edilmiş çərçivənin yaradılmasında çox mühüm addım olacaq", - deyə BƏƏ nümayəndəsi qeyd edib.
Qeyd edək ki, BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.