Bakı. Trend:
İran BRICS çərçivəsində çeşidli proqramların həyata keçirilməsi üçün kiçik və cəld reaksiya verən katibliyin yaradılmasını təklif edir.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian 23 oktyabrda Rusiyanın Kazan şəhərində keçirilən BRICS-ə üzv dövlətlərin dövlət başçılarının sammitində deyib.
Onun sözlərinə görə, bu katibliyin yaradılması prosesi üzv dövlətlərin Xarici İşlər Nazirliklərinin iş gündəminə salına bilər.
Pezeşkian bildirib ki, gələcək illərdə BRICS-ə üzv dövlətlər iqtisadi və maliyyə məsələlərini prioritet məsələ olaraq diqqətdə saxlaya bilərlər. Üzv dövlətlər davamlı iqtisadi və ticarət əməkdaşlığının yaranmasında və özlərinin daxili potensiallarından istifadədə sürətlərini artıra bilərlər.
Qeyd edək ki, BRİKS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.