Bakı. Trend:
Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rauf Gözəlov Gəncə şəhər prokuroru vəzifəsinə təyin edilib.
Baş Prokurorluqdan Trend-ə bildirilib ki, bu gün Baş prokurorun birinci müavini Elçin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, həmçinin Gəncə şəhər prokurorluğunun əməkdaşlarının iştirakı ilə şəhər prokuroru vəzifəsinə təyin olunmuş Rauf Gözəlov kollektivə təqdim edilib.
Çıxış edən Elçin Məmmədov ölkə Prezidentinin rəhbərliyi ilə aparılan ardıcıl hüquq islahatlarının prokurorluq orqanlarında uğurla davam etdirildiyini qeyd edərək, Gəncə şəhər prokurorluğunun rəhbərliyində aparılan kadr dəyişikliyinin qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsini, nöqsan və çatışmazlıqların aradan qaldırılmasını təmin edəcəyinə əmin olduğunu bildirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, şəhər prokurorluğunun digər hüquq-mühafizə orqanları və aidiyyəti dövlət qurumları ilə birgə dövlət və dövlətçiliyin qorunması naminə koordinasiyalı fəaliyyətin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Müşavirədə çıxış edən Gəncə şəhər prokuroru Rauf Gözəlov prokurorluq orqanlarının inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirərək, rəhbərlik etdiyi kollektivin yüksək etimadı doğruldacağını, qarşıya qoyulan vəzifələrin dönmədən icrasına nail olunması üçün səylə çalışacaqlarını, vətəndaşların qəbuluna və müraciətlərinə həssaslıqla yanaşılmaqla məmnuniyyətin əldə olunması naminə səfərbər olacaqlarını qeyd edib.
Həmçinin, Baş prokurorun digər müvafiq əmrləri ilə Lənkəran rayon prokuroru təyin edilmiş Azad Qarayev və Qazax rayon prokuroru təyin edilmiş Rövşən Əliyev də bugün kollektivə təqdim olunub.