...

İran BRICS çərçivəsində enerji nəqli və yükdaşıma üçün yeni şəbəkənin yaradılmasını istəyir

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 16:47 (UTC +04:00)
İran BRICS çərçivəsində enerji nəqli və yükdaşıma üçün yeni şəbəkənin yaradılmasını istəyir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran BRICS çərçivəsində enerji nəqli və ticarət məhsullarının daşınması üçün yeni şəbəkənin yaradılmasının tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Rusiyanın Kazan şəhərində keçirilən BRICS-ə üzv dövlətlərin dövlət başçılarının sammitində deyib.

Onun sözlərinə görə, dünyada enerji, ərzaq maddələri və digər məhsulların ən böyük istehsalçıları, eyni zamanda, ən böyük istehlakçıları BRICS-ə üzv dövlətlərdir. Üzv dövlətlərin beynəlxalq tranzit və yükdaşıma marşrutlarına çıxışları var. Bu isə bir çox məsələlərin (iqtisadi, bank, milli valyuta və sairə) sadə şəkildə həll olunması ilə nəticələnə bilər.

İran prezidenti deyib ki, eyni zamanda, İran Beynəlxalq Şimal-Cənub Dəhlizi və Şərq-Qərb Dəhlizi çərçivəsində konstruktiv əməkdaşlıqları inkişaf etdirmək niyyətindədir.

Qeyd edək ki, BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Xəbər lenti

Xəbər lenti