...

Qərb törətdiyi cinayətləri həyasızcasına “demokratiya” kimi təqdim edir - Deputat Gürcüstandakı vəziyyətdən danışdı

Siyasət Materials 23 Oktyabr 2024 15:46 (UTC +04:00)
Qərb törətdiyi cinayətləri həyasızcasına “demokratiya” kimi təqdim edir - Deputat Gürcüstandakı vəziyyətdən danışdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərb, öz arealına aid etmədiyi xalqlara bu və ya digər müstəqil dövlətin vətəndaşları, ali bəşəri varlıq kimi deyil, öz maraqları naminə istifadə edə biləcəyi “canlı qüvvə” kimi yanaşır. Bunu “Gürcü arzusu” partiyasının fəxri sədri, sözügedən partiyanın seçki siyahısına başçılıq edən Bidzina İvanaşvilinin son müsahibəsində yer alan fikirlər də sübuta yetirir.

Bu sözləri Trend-ə deputat Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, İvanaşvili müsahibəsində Gürcüstanın sabiq baş naziri və “Gürcü arzusu” partiyasının hazırkı sədri İrakli Qaribaşvilinin yüksəkçinli Qərb siyasətçilərindən biri ilə söhbətini danışıb.

"Həmin yüksək rütbəli məmur İrakli Qaribaşviliyə Rusiyaya qarşı “ikinci cəbhə” açmağı təklif edib və bildirib ki, 3-4 gün döyüşdükdən sonra gürcülər meşələrə çəkilə və partizan müharibəsini davam etdirə bilərlər və Qərb partizan müharibəsi aparmaq üçün Gürcüstana bütün dəstəyi verəcək. İrakli Qaribaşvili 3-4 günə gürcülərin məhv ediləcəyini deyəndə, qərbli məmur ona “gürcülər 3 milyondur və ruslar 3-4 günə 3 milyon adamı öldürə bilməzlər” cavabını verib.

Zənnimcə, Qərbin öz geosiyasi maraqları naminə bütöv bir xalqı qurban verməyə hazır olduğunu sübuta yetirmək üçün bundan daha yaxşı nümunə ola bilməz. Əslində, 2008-ci ildə baş verənlərin təhlili də eyni ssenarinin həmin dövrdə də həyata keçirildiyini sübuta yetirir.

Hazırda Ukraynada baş verənlər də eyni ssenarinin təkrarıdır və bu Qərb insanlıq əleyhinə törətdiyi və törədilməsinə zəmin yaratdığı bu cinayətləri həyasızcasına “demokratiya”, “azadlıq uğrunda savaş” kimi təqdim etməkdən çəkinmir.

Qeyd edim ki, Gürcüstan və Ukraynanın NATO üzvlüyünə qəbul edilməməsinin əsas səbəblərindən biri də Qərbin Gürcü və Ukrayna xalqlarını Rusiyaya qarşı müharibə üçün “canlı qüvvə” kimi saxlamaq niyyəti olub. Bu fakt həm İvanaşvilinin iqtibas gətirdiyim müsahibəsində, həm də dolayısıyla digər gürcü siyasətçilərinin açıqlamalarında da yer alıb", deputat əlavə edib.

O qeyd edib ki, NATO və Avropa İttifaqına üzvlük Qərbin tələdəki yemidir.

"Həm də ilğım, “virtual”, yalnız sözlərdən ibarət “yem”. Qərb siyasi texnoloqları tələyə hətta yem də qoymurlar, yemin sözlə “şəklini çəkirlər”.

Son 20-21 ildə Qərbin öz geosiyasi maraqlarını təmin etmək üçün stimullaşdırdığı və birbaşa müdaxilə ilə həyata keçirdiyi “rəngli inqilab”ların baş verdiyi məkanlara nəzər salaq. İraq, Suriya, Yəmən, Liviya, Ukrayna... Əfqanıstanda öz yetişdirdikləri, formalaşdırdıqları siyasətçiləri belə güdaza verib bu ölkədən tülkü kimi qaçanlar, utanmadan “insan hüquqları”nın, “demokratiya”ların qorunmasından danışırlar. İndisə hədəf Cənubi Qafqaz seçilib və gürcü xalqını yenidən güdaza vermək, öz iyrənc niyyətlərini həyata keçirmək istəyirlər.

Hesab edirəm ki, Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti baş verənlərin fərqindədirlər və ölkələrinin növbəti dəfə onlara sadəcə “canlı qüvvə” kimi baxan Qərbin “rəngli inqilab” ssenarisinin qurbanına çevrilməsinə imkan verməyəcəklər", - E.Mirzəbəyli vurğulayıb.

Xəbər lenti

Xəbər lenti