...

Portuqaliya COP29-da iqlim maliyyələşdirilməsi mənbələrinin genişləndirilməsinə çağırır

İqtisadiyyat Materials 19 Noyabr 2024 17:16 (UTC +04:00)
Portuqaliya COP29-da iqlim maliyyələşdirilməsi mənbələrinin genişləndirilməsinə çağırır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliya ümid edir ki, COP29 sammiti iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərini gücləndirəcək.

Trend xəbər verir ki, bunu Portuqaliyanın ətraf mühit məsələləri üzrə dövlət katibi Emidio Ferreyra Duş Santuş Souza çıxışı zamanı bildirib.

O, COP29-da çıxış edərək iqlim maliyyələşdirilməsi üzrə donor bazasının genişləndirilməsinin vacibliyini vurğulayıb və töhfələrin yalnız inkişaf etmiş ölkələrlə məhdudlaşmamalı olduğunu qeyd edib.

"Donor bazasını genişləndirmək çox vacibdir", - deyə E.Souza bildirib.

O, yüksək ÜDM səviyyəsinə və əhəmiyyətli emissiyalara malik olan, lakin hələ də inkişaf etməkdə olan ölkə hesab edilən dövlətlərin bu prosesə cəlb edilməsini dəstəkləyib.

"Hazırda ətraf mühitin ən böyük çirkləndiricilərinin bir çoxu iqlim dəyişikliyi ilə mübarizə üçün kifayət qədər səy göstərmir", - deyə əlavə edib.

Portuqaliyanın iqlim strategiyasının əsas elementi dövlət maliyyələşdirilməsinin özəl investisiyalarla birləşdirilməsidir. 2030-cu ilə qədər Portuqaliyanın beynəlxalq iqlim maliyyələşdirilməsi öhdəlikləri 68,5 milyon avroya çatacaq.

O, həmçinin, Portuqaliyanın xüsusilə portuqaldilli ölkələrlə bu tərəfdaşlıqları 2025-ci ildən sonra genişləndirmək niyyətində olduğunu bildirib.

E.Souza COP29-un iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin gücləndirilməsi və ədalətli keçidin təmin edilməsi üçün şərait yaradacağına ümid etdiyini ifadə edib.

"Bütün hədəfləri, ambisiyaları və çevikliyi nəzərə alaraq, qərarlar məqsədlərimizə daha yaxın olacaq", - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti