...

İtki və Zərərə Cavab Fondu Azərbaycanın COP29-dakı liderliyi sayəsində fəaliyyətə başladı – “La Gazette du Caucase”

İqtisadiyyat Materials 2 Dekabr 2024 11:56 (UTC +04:00)
İtki və Zərərə Cavab Fondu Azərbaycanın COP29-dakı liderliyi sayəsində fəaliyyətə başladı – “La Gazette du Caucase”
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İtki və Zərərə Cavab Fondu COP29 çərçivəsində fəaliyyətə başlaması qlobal iqlim siyasətində tarixi dönüş nöqtəsi oldu.

Trend xəbər verir ki, bu barədə Fransanın onlayn nəşri “La Gazette du Caucase” yazıb.

Məqalədə bu nailiyyət "inkişaf etməkdə olan ölkələr, kiçik ada dövlətləri və iqlim dəyişikliyinin artan təsirlərindən qeyri-mütənasib dərəcədə əziyyət çəkən həssas icmalar üçün əhəmiyyətli irəliləyiş" kimi xarakterizə edilir.

"COP29-a sədrlik edən Azərbaycanın rəhbərliyi altında Fondun yaradılması qlobal həmrəyliyin güclü ifadəsi oldu. Bu mühüm addım iqlim bərabərsizliyinin aradan qaldırılması üçün daha inklüziv və səmərəli həll yollarına ümid verir", – deyə “La Gazette” qeyd edib.

Məqalədə vurğulanır ki, İtki və Zərərə Cavab Fondunun yaradılmasının əsası 2022-ci ildə Misirdə keçirilən COP27-də qoyulmuşdur. Həmin vaxt ölkələr, iqlim fəlakətlərindən ən çox təsirlənmiş dövlətlərə kompensasiya ödənilməsi ilə bağlı tarixi razılığa gəlmişdilər.

Lakin qəzetin qeyd etdiyi kimi, maliyyə öhdəlikləri və siyasi iradənin real hərəkətlərə çevrilib-çevrilməyəcəyi ilə bağlı şübhə qalırdı.

COP28-in BƏƏ-də keçirilməsi bu istiqamətdə əhəmiyyətli bir mərhələ olsa da, məqalədə bildirilir ki, məhz Azərbaycanın sədrliyi ilə keçən COP29 Fondun tam fəaliyyətə başlamasına şərait yaratdı.

“La Gazette” vurğulayır ki, İtki və Zərərə Cavab Fondu yalnız maliyyə aləti deyil, həm də "tarixi ədalətsizliyin etirafıdır". İnkişaf etmiş ölkələr, istixana qazı emissiyalarına ən böyük töhfəni verən tərəflər olaraq, indi resursların yenidən bölüşdürülməsi mexanizmləri vasitəsilə qasırğalar, daşqınlar və quraqlıq kimi fəlakətlərdən ən çox zərər çəkmiş ölkələr qarşısında məsuliyyət daşıyırlar.

"Prezident İlham Əliyevin kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələrin problemlərinə diqqət ayırması Azərbaycanın bərabərlik və inklüzivliyə sadiqliyini vurğulayır", – deyə qəzet yazır.

2025-ci ildən etibarən Fondun iqlim dəyişikliyinə davamlılığı artırmaq məqsədilə layihələri maliyyələşdirməyə başlaması gözlənilir. Bu layihələrə dağıdılmış infrastrukturun bərpası, köçkünlərə yardım və həssas bölgələrdə adaptasiya potensialının gücləndirilməsi daxildir.

“La Gazette du Caucase” həmçinin Fondun innovativ maliyyə mexanizmlərini stimullaşdırmaq potensialını qeyd edir. Xüsusi sektor, dövlətlər və çoxtərəfli təşkilatlarla əməkdaşlıq Fondun əlavə resurslar cəlb etməsinə imkan verə bilər.

"Yaşıl" istiqrazlar və iqlim sığortası kimi alətlərdən istifadə edərək, zərərlərlə mübarizə və itkilərin qarşısının alınmasında daha kompleks yanaşma təmin edilə bilər.

"Bu nailiyyət iqlim dəyişikliyinin dağıdıcı nəticələri ilə mübarizə aparan ölkələrə ümid verir", – deyə qəzet vurğulayır.

Bununla yanaşı, “La Gazette” qeyd edir ki, Fondun fəaliyyətə başlaması mühüm bir addım olsa da, görüləsi işlər hələ çoxdur.

"İtki və Zərərə Cavab Fondu –iqlim böhranına ən az səbəb olanların bu böhranın nəticələrini təkbaşına çəkməməli olduğu haqqında kollektiv bir etirafdır", - yekunda “La Gazette du Caucase” vurğulayır.

Xəbər lenti

Xəbər lenti