Bakı. Trend:
Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsi və inkişafı istiqamətində paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhər yollarında 2004-2024-cü illər ərzində beynəlxalq standartlara cavab verən, müasir texnologiyalar əsasında, orijinal dizaynda 335 körpü və yol ötürücüsü tikilmiş, 56-ı təmir edilmiş, 163 yeraltı və yerüstü piyada keçidi və 45 tunel inşa edilib.
Təbii ki, bu qurğuların istismara verilməsi nəqliyyat sistemində sıxlıq və tıxacların aradan qaldırılması, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizdə yeni yolların salınması, mövcud yolların əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr durmadan uğurla davam etdirilir.