...

Əbu-Dabidə Ərəb dünyası - Mərkəzi Asiya və Azərbaycan Biznes Forumu keçiriləcək

İqtisadiyyat Materials 26 Fevral 2025 02:45 (UTC +04:00)
Əbu-Dabidə Ərəb dünyası - Mərkəzi Asiya və Azərbaycan Biznes Forumu keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BƏƏ-nin paytaxtı Əbu-Dabidə fevralın 26-da Ərəb dünyası – Mərkəzi Asiya və Azərbaycan Biznes Forumu keçiriləcək.

Trend xəbər verir ki, iki gün davam edəcək bu forum 4-cü “İnvestopia 2025” platforması çərçivəsində baş tutacaq.

Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, AZPROMO, ölkəmizin BƏƏ-dəki ticarət nümayəndəliyi və səfirlik əməkdaşları təmsil edəcəklər. Forum Ərəb Ölkələri Liqası və BƏƏ İqtisadiyyat Nazirliyinin dəstəyi ilə təşkil olunur. Burada ərəb və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyat nazirləri, ərəb təşkilatlarının rəhbərləri, eləcə də digər rəsmi və biznes nümayəndələri iştirak edəcəklər.

Forum çərçivəsində dəyirmi masalar və B2B görüşlər təşkil ediləcək. Tədbir, Doha Bəyannaməsinə əsaslanaraq, ərəb ölkələri, Mərkəzi Asiya və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığını möhkəmləndirmək, eləcə də özəl sektor və biznes dairələri arasında yeni əməkdaşlıq imkanlarını üzə çıxarmaq məqsədi güdür.

Forum BƏƏ-nin vitse-prezidenti Şeyx Mansur bin Zayid Al Nəhyanın himayəsi altında keçiriləcək 4-cü “İnvestopia 2025” platformasının əsas tədbirlərindən biridir. Burada 51 dialoq sessiyası təşkil olunacaq və BƏƏ-də və digər ölkələrdə investisiya mühiti, maliyyə texnologiyaları, süni intellekt, dövriyyə iqtisadiyyatı, səhiyyə və digər sahələrdə investisiya imkanları müzakirə ediləcək.

Eyni zamanda, forum iqlim texnologiyaları, dövriyyə iqtisadiyyatına keçid, inkişaf etməkdə olan bazarlara sərmayə qoyuluşu mövzusunda 15 dəyirmi masa toplantısına ev sahibliyi edəcək. Bundan başqa, “Ərəb-Çin Biznes Sammiti” və “Gələcəyin 100 Şirkəti” adlı sahibkarlıq forumu da təşkil olunacaq.

Tədbir çərçivəsində hökumət başçıları, nazirlər, investorlar, iş adamları, qərarvericilər və iqtisadi ekspertlərin çıxışları gözlənilir. Ümumilikdə 20-dən çox ölkədən 2 mindən çox nümayəndənin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti