Bakı. Trend:
Əsas vəzifələrdən olan ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması (özünütəminetmə səviyyəsinin yüksəldilməsi) və qiymətlərin stabil saxlanılması məqsədilə müvafiq dəstək tədbirləri həyata keçirilib. Kənd təsərrüfatı sahəsində dövlət büdcəsinin vəsaiti hesabına məhsul istehsalçılarına subsidiyaların verilməsi və digər güzəştlərin tətbiqi davam etdirilib.
Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.
O bildirib ki, ötən il ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487,4 mln. manat vəsait ayrılıb.
“Təbii olaraq kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli, torpaq ekosisteminin mühafizəsi hökumət qarşısında duran mühüm çağırışlardan biridir”, - deyə Ə.Əsədov qeyd edib.