Bakı. Trend:
Ötən il Azərbaycanın birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 742.4 milyon ABŞ dolları artıb, xalis maliyyə öhdəlikləri isə 226.5 milyon ABŞ dolları azalıb.
Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 7 milyard ABŞ dolları, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1.8 milyard ABŞ dolları olub.
Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 968.9 milyon ABŞ dolları kəsir yaranıb.
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80.7% təşkil edib. 2024-cü il üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1,2 milyard ABŞ dolları) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (5,7 milyard ABŞ dolları) həmin sektor üzrə kapitalın repatriasiyası (-6,9 milyard ABŞ dolları, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 32.1% azalaraq 1.4 milyard ABŞ dolları olub.