Bakı. Trend:
Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyan irimiqyaslı enerji layihələrinin həyata keçirilməsi üçün Avropa ölkələrinin daha fəal maliyyə dəstəyinə ehtiyac var.
Bunu Trend-ə Kanada Enerji Tədqiqatları İnstitutunun və Kanada Qlobal Münasibətlər İnstitutunun elmi əməkdaşı, enerji təhlükəsizliyi və geoiqtisadiyyat üzrə mütəxəssis, Robert Katler “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.
Azərbaycanın Avropaya enerji resursları tədarük etmək səylərini şərh edən Katler bunun həm qaz ixracının genişlənməsi, həm də Xəzər dənizi və Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi layihəsi sayəsində baş verdiyini diqqətə çatdırıb.
R.Katlerin sözlərinə görə, bu layihələrin reallaşması üçün Avropa elektrik enerjisi kabeli layihəsinə daha əhəmiyyətli maliyyə töhfəsi verməli və Azərbaycan qazının Avropaya nəql olunduğu Cənubi Qafqaz qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə yardım etməlidir.
Ekspert hesab edir ki, yalnız bu halda Avropanın enerji təhlükəsizliyini tam şəkildə təmin etmək mümkün olacaq.
O, həmçinin, Azərbaycanın bərpa olunan enerji sahəsindəki potensialını və Avropanın “yaşıl” enerji ilə təmin edilməsində oynaya biləcəyi mümkün rolu da qeyd edib:
“Əgər kabel dənizlərin dibi ilə çəkilərsə, Qazaxıstan, Özbəkistan və Azərbaycanda günəş enerjisindən hasil edilən elektrik enerjisini birbaşa Avropaya ötürmək mümkün olacaq”.