Antalya. Trend:
Qara Dəniz regionunda əlaqəliliyin möhkəmləndirilməsi və davamlı əməkdaşlığın inkişafı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) əsas prioriteti olaraq qalır.
Bu barədə Trend-ə QDİƏT-in baş katibi Lazar Komenesku Antalyada keçirilən 4-cü Diplomatik Forumu çərçivəsində verdiyi açıqlamada deyib.
“Mən rəqəmsallaşma dövründə əlaqəlilik və inkişafa həsr olunmuş panel müzakirələrində iştirak etdim. Bu mövzu bilavasitə bizim təşkilatdakı fəaliyyətimizlə bağlıdır, belə ki, qlobal iqtisadi tendensiyalar Avropa ilə Asiya arasındakı əlaqələrin əhəmiyyətini getdikcə daha qabarıq şəkildə üzə çıxarır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, “Orta Dəhliz”, “Bir kəmər – bir yol” təşəbbüsü, eləcə də, “Qlobal qapılar” kimi beynəlxalq əlaqəlilik layihələri mühüm rol oynayır.
“Bu istiqamətlərin inkişafı üçün istənilən səylər – istər yükdaşıma, istər enerji, istərsə də kommunikasiya sahəsində olsun – Qara dəniz regionunu əsas nəzər nöqtəsinə çevirir”, – deyə Komanesku qeyd edib.
O əlavə edib ki, ticarətin genişləndirilməsi, enerji, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı məsələləri 2023-cü ilin sonunda qəbul olunmuş QDİƏT-in Yenilənmiş İqtisadi Gündəliyində açıq şəkildə əks olunub.
“Hazırda biz həmin sənədin gerçəkləşdirilməsi üzərində işləyirik. Bu kontekstdə biz 2025-ci ilin birinci yarısında QDİƏT-ə sədrlik edən Azərbaycanla sıx əməkdaşlıq edirik. Azərbaycan sədrliyinin göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirirəm”, – deyə o vurğulayıb.
Komenesku, həmçinin, iqlim dəyişikliyi məsələsinə və təşkilatın qlobal iqlim hədəflərinə hazırlıq prosesində iştirakına da toxunub.
“Keçən ilin noyabrında COP29 sammiti Bakıda keçirildi və Azərbaycan hakimiyyətinin səyləri nəticəsində QDİƏT bu tədbirdə ilk dəfə iştirak etdi.
Hazırda biz təşkilatımızı beynəlxalq iqlim öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı prosesslərə daha fəal qoşulmasını təmin etmək istiqamətində aktiv iş aparırıq”, – deyə o bildirib.